İspaniyanın paytaxtı Madriddəki Kolumb meydanında (Plaza de Colon) Ermənistan və erməni separatçıları tərəfindən Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etiraz əlaməti olaraq dinc aksiya keçirilib.
"Unikal" xəbər verir ki, İspaniya Azərbaycanlıları Assosiasiyasının üzvü Məhəmmədəli Əkbərovun təşkilatçılığı ilə baş tutan aksiya zamanı Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının Ermənistan və erməni separatçıları tərəfindən qanunsuz fəaliyyətinə dərhal son qoyulması tələb edilib.
“Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son!”, “Azərbaycan sərvətlərinin talan olunmasına son! "Ermənistanın ekosidini dayandırın!” şüarlarının əks olunduğu plakatları nümayiş etdirən soydaşlarımız Şuşa-Xankəndi yolunda ermənilərin ekoloji terroruna son qoyulması tələbi ilə fasiləsiz aksiyalar keçirən azərbaycanlı ekofəallar, qeyri-hökumət təşkilatları nümayəndələri və könüllülərlə həmrəy olduqlarını bəyan ediblər.