Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Qərb qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı artıq müəyyən müsbət qərarlar var, lakin Rusiyanın bunlardan xəbəri olmamalıdır.
"Unikal" xəbər verir ki, o, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında danışıb.
“Pərdə arxasında qırıcılarla bağlı müəyyən müsbət qərarlar alınıb”, - deyə dövlət başçısı qeyd edib.
Prezident həmçinin bildirib ki, Britaniyaya səfərindən sonra uzaqmənzilli silahların tədarükü məsələsində də irəliləyişlər mövcuddur.
Xatırladaq ki, bundan öncə Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna üçün uzaqmənzilli silahlar və qırıcı təyyarələr məsələsi, görünür, artıq öz həllini tapıb.