Kahramanmaraşda 2013-cü ildə tikintisi tamamlanan və "Cənnətdən bir kvadrat" şüarı ilə satılan 12 mərtəbəli Renessans Residence tamamilə dağılıb. Yüzlərlə insanın həyatını itirdiyi mənzildə yaşayan Əskişəhərli Esra İlhanla hələ də əlaqə saxlamaq mümkün olmayıb.
"Unikal" xəbər verir ki, 8 ay əvvəl 32 yaşlı baş leytenant Meriç İlhanla ailə həyatı qurub. Hazırda Esranın ailəsi qızlarının dağıntılar altında itkin düşdüyünü bildiriblər. Belə ki, Meriş İlhanın meyiti dağıntılar altından çıxarıldıqdan sonra, DNT analizi ilə tapılıb.
Esranın atası Battal Kerzi 20 gündür qızından xəbər gözləyir. O, bununla bağlı yerli KİV-ə danışıb:
“Nə deyim, Allaha sığınırıq. Heç olmasa onun cəsədini tapaq. Mən başqa heç nə istəmirəm. 20 gündür ki, qızımı xəstəxanalarda axtarıram, amma tapa bilmirəm. Qızım hər şeydən qorxurdu. Həmin yaşayış kompleksini araşdırdılar və təhlükəsiz olduğu üçün oradan ev aldılar. Biz belə olacağını bilmirdik. Allah hamıya kömək olsun. Allah heç kəsi övladı ilə imtahana çəkməsin. Çox pisəm. 20 gün ərzində nələr çəkdiyimi yalnız mən bilirəm birdəki Allah. Biz viran qalmışıq.
Qızımın heç olmasa bir məzar daşının olmasını istəyirəm. Bundan sonra həyatım necə olacaq, bilmirəm. Kaş, Allah mənim canımı alardı. Onlar 8 ay əvvəl evlənmişdilər. Xəyalları var idi, amma olmadı. Həyat yoldaşım da zəlzələdən bir həftə əvvəl orada idi. Belə olacağını bilsəydik, hər ikisini gətirərdik".
Samirə Bəhramova