“Bu gün bəzən televiziya kanalları cəmiyyətin dağılması, parçalanması, milli əxlaqın, dəyərlərin sıradan çıxmasında müəyyən rol oyanır”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, televiziyalar müəyyən qədər ölkənin rəsmi və ideoloji sisteminin keşiyində dayanmağa çalışsalar da, şou proqramlar üstünlük təşkil edir və bu da narahatlıq doğurur: “Bu baxımından İctimai televiziya özünü nisbətən qoruya bilir”.
S.Rüstəmxanlı eyni zamanda bir çox təşkilatlarda ictimai şuraların yaradılmasından danışıb: “Amma təəssüf ki, bunun çoxu söz olaraq qalır. Yəni, ictimai şuranın ya rəyi nəzərə alınmır, ya da rəyləri əsassız olduğundan fikir verilmir. İctimai şuraların nə üçün yaradılması məsələsi parlament səviyyəsində müzakirə olunmalıdır. İTV yayım şurasına seçiləcək namizədlər rəylərinin diqqətə alınması məsələsinə önəm versinlər. Müəyyən verilişlərlə bağlı fikirləri olduğu təqdirdə televiziya rəhbərlərinə qəbul etdirməyə çalışsınlar”.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva S.Rüstəmxanlıya cavab olaraq bildirib ki, yayım şurası ictimai şuradan fərqlənən qurumdur: “Çünki yayım şurasının səlahiyyət və statusları üstündür. Yayım şurasının üzvlərini Milli Məclis təsdiq edir”.
Anar Kəlbiyev