Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkəti Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat turniri təşkil edib.

"Unikal" xəbər verir ki, əməkdaşlarının asudə vaxtının səmərəli təşkili və komanda ruhunun yüksəldilməsi məqsədi ilə təşkil edilən “2-ci Veysəloğlu Şahmat Turniri” ənənəvi olaraq şirkət əməkdaşları arasında keçirilib. 28 nəfər əməkdaşın iştirak etdiyi və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunan turnirdə 1-ci yerə Vüqar Xəlilov, 2-ci yerə Nofəl Xəlilov və 3-cü yerə Yaşar Həsənov layiq görülüb. Digər turnir iştirakçıları isə sertifikatlarla  təltif olunublar. 

“Veysəloğlu Distribusiya” şirkəti fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 3500-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.

Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur (www.veyseloglu.az). Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.