Bir müddət əvvəl saytımızda Cəbrayıl rayon Cocuq Mərcanlı kənd sakinlərinin qəbiristanlıqla bağlı şikayətlərini yayımlamışdıq.

Kənd sakini Elməddin Cəfərov yenidən “Unikal”a müraciət edərək bildirib ki, məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat versə də, hələ də problem öz həllini tapmayıb:

“Bizim Cocuq Mərcanlı kəndinin qəbiristanlığı Lələtəpədə yerləşir. Bu qəbiristanlığın tarixi bizim eradan əvvələ gedib çıxır. Nənələrimiz, babalarımız hamısı həmin qəbiristanlıqda dəfn olunublar. Hətta Birinci Qarabağ Müharibəsinin şəhidləri də orada dəfn olunub.  30 illik işğal dövründə biz rəhmətə gedən yaxınlarımızı ona-buna yalvararaq digər kəndlərdə dəfn etmişik. Lələtəpə yüksəkliyi azad olunduqdan bu günədək, artıq 6 ildən çoxdur ki, heç kim həmin qəbiristanlığa gedə bilməyib.

Azərbaycanda elə bir qurum, təşkilat qalmayıb ki, bu məsələ ilə bağlı onlara müraciət etməyim. Minatəmizləmə Agentliyinə, Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə dəfələrlə müraciət etmişəm. PA-nın rəhbəri Samir Nuriyevin və şöbə müdiri Zeynal Nağdəliyevin qəbulunda olmuşam. Zeynal Nağdəliyev mənə söz verdi ki, məsələ ilə bağlı 10 günə dəqiq cavab veriləcək. Telefon nömrəsi verdi, amma aylardır həmin nömrəyə cavab verən yoxdur. Ümumiyyətlə, hara müraciət etsəm də, hamısı bizi Cəbrayıl Rayon İcra Hakimiyyətinə yönləndirir. İcra hakimiyyəti isə məsələ ilə bağlı heç bir müsbət addım ata bilməyib. 

Onu da qeyd edim ki, qəbiristanlığın olduğu ərazi minalardan tamamilə təmizlənib. Bu barədə ANAMA-nın rəhbəri Vüqar Süleymanovun imzası ilə sənədlər və sertifikat var. 

Bir daha aidiyyatı qurumlara müraciət edərək bildirirəm ki, onlardan bizim Lələtəpədə yerləşən qəbiristanlığa getməyimizə icazə versinlər”, - deyə şikayətçi qeyd edib.

Murad İbrahimli