Azərbaycan neft və qaz təhcizatı baxımından uzun illərdir ki, bir sıra Avropa ölkələrinin etibarlı tərəfdaşıdır.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Budapeştdə macar həmkarı Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Xam neft və neft məhsullarının ixracı baxımından Azərbaycan artıq uzun illərdir ki, bir sıra Avropa ölkələrinin etibarlı tərəfdaşıdır. 2020-ci il sonlarından etibarən isə Azərbaycan Avropa ölkələri üçün qaz təhcizatı baxımından etibarlı tərəfdaş olmağa başladı. Əlavə qaz ixracı ilə yanaşı yeni mənbələrdən qaz hasilatına, Xəzər dənizindəki mənbələrdən çıxarılan qaz Avropa bazarılarına çatdırılmağa başlandı".
Azərbaycan xarici işlər naziri xatırladıb ki, ilk razılaşmaya əsasən 10 bcm həcmində qaz Avropanın 3 ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılıb.
"Enerji sahəsində əməkdaşlığın artırılması üçün 2022-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Anlaşma Memorandumu imzalandı. Bu Memorandumun əsas məqamlarından biri Avropa bazarına çıxarılacaq Azərbaycan qazının həcminin artırlması ilə bağlıdır".
Ceyhun Bayramov deyib ki, 2021-ci ildə Azərbaycandan Avropa bazarına ixrac olunan qazın həcmi 8 bcm idi, ötən il bu rəqəm 11.4 bcm olub, bu il isə bu rəqəmin 12.5-dən çox olacağı gözlənilir.
"Bu ildən etibarən Rumıniya və Macarıstan da qaz alan ölkələr sırasına qoşuldu və biz görürük ki, daha çox Avropa ölkəsi Azərbaycan qazı almaqda istəklidir. Biz Azərbaycan və Aİ arasında imzalanmış Anlaşma Memorandumunu reallaşdırmaq üçün tərəfdaşlarımızla birlikdə işləyirik ki, həcmi 2027-ci ilə qədər 20 bcm-ə çatdıraq", Ceyhun Bayramov vurğulayıb.