Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının “Quba şəhərinin yer üzündən silinmiş müdafiə istehkamı –Quba qalası (1747-1870)” və “Ümumdünya tarixi”adlı kitabları dövrün siyasi mənzərəsinin öyrənilməsi baxımından maraq doğurur. Bugünlərdə işıq üzü görən adıçəkilən,dərsliklərə əlavə funksiyalı kitablarda müəyyən mərhələlərin diqqətçəkən onlarala elmi faktı, müqavilə və qanunu öz əksini tapıb.
"Unikal" xəbər verir ki, “Quba şəhərinin yer üzündən silinmiş müdafiə istehkamı-Quba qalası (1747-1870”adlı kitab 16 ili əhatə edən səmərəli tədqiqatlar nəticəsində ərsəyə gəlib. Professor M.Zülfüqarlı bildirib ki, Quba qalasının 1811-ci ilə aid planının əldə olunması sayəsində qala divarlarının maketini hazırlanması, yeraltı tunellərin bərpa edilib turistlərin səfər proqramına daxil edilməsi məqsədəuyğundur. Çar Rusiyasının dağıdıcı və mənfur siyasəti nəticəsində yer üzündən silinən Quba qalasının tarixini şərtləndirən bu kitabda,eyni zamanda Azərbaycanın digər qalalarından da bəhs olunub.
M.Zülfüqarlının“Ümumdünya tarixi”adlı digər kitabında isə dünyanın bir sıra dövlətlərinin qədim dövrlərdən günümüzədək olan tarixi keçmişi, o cümlədən Azərbaycan tarixinə dair məlum dərsliklərdə işıqlandırılmayan elmi faktlar, hadisələr, hüquqi sənədlər əksini tapıb. Kitabda həmçinin əhəmiyyətli tarixi hadisələr, tələbələrin dərs prosesi zamanı yorğunluğunu aradan qaldıran lətifələr yer alıb. .
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, Dövlət mükafatı laureatı, t.ü.e.d., prof. Kərim Şükürov kitablara müsbət rəy verib. Qiymətli vəsaitlərin elmi redaktoru f.e.d., prof. Asif Hacıyevdir.
Qeyd etmək lazımdır ki,hər iki kitab Azərbaycan Turizm və Menecment Universiteti Elmi Şurasının 15 aprel 2022-ci il tarixli iclasının qərarı ilə nəşr olunub. Bakalavr, magistr, doktorant və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Oxucular adıçəkilən kitablarla Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında, Axundov adına Azərbaycan Milli Kitabxanasında və Azərbaycan Turizm və Menecment Universitetinin Kitabxanasında tanış ola bilərlər.