Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin oğlu İlya Medvedyev Avropa İttifaqının 12-ci anti-Rusiya sanksiyaları paketi çərçivəsində məhdudiyyətlərin tətbiq olunduğu şəxslərin siyahısına salınıb.
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan sənəddə deyilir.
Sənəddə qeyd edildiyi kimi, Təhlükəsizlik Şurasının sədr müavininin oğlu DXR, LPR, Xerson və Zaporojye vilayətlərində rəqəmsal xidmətlərin göstərilməsini təşkil edir. Aİ hesab edir ki, bununla da “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və təhdid edən hərəkətləri və siyasəti” dəstəkləyir.
Sənədə əsasən, Avropa məhdudiyyətlərinin 12-ci paketi çərçivəsində siyahıya 86 təşkilat və 61 fiziki şəxs daxil olmaqla ümumilikdə 147 nəfər daxildir.
Müvafiq bəyanatda deyilir ki, yeni məhdudiyyətlər, xüsusən də Rusiya Federasiyasının döyüş əməliyyatları aparmaq qabiliyyətinə əlavə zərbə vurmaq məqsədi daşıyır. Görülən tədbirlər həm də anti-Rusiya sanksiyalarından yan keçməyi çətinləşdirməyə yönəlib.