Daxili İşlər Nazirliyi Mingəçevirdə qəza törədən "Mercedes" markalı avtomobilin sürücüsünün polis əməkdaşı olması ilə bağlı iddialara cavab verib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində “Mercedes” markalı avtomobilin sürücüsü Cəlal Cəfərov polis əməkdaşı deyil.
O, polis nəfəri kimi bir müddət əvvəl öz raportu əsasında daxili işlər orqanlarında xidmətdən xaric olunub.
*** 20:33
Mingəçevirdə avtomobil vuran nişanlı cütlüyün kimliyi bəlli olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, dekabrın 20-si saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.
Hadisə nəticəsində piyadalardan biri-2005-ci il təvəllüdlü Hüseynova Nazlı Rövşən qızı aldığı xəsarətlərdən vəfat edib, digər piyada Sadıqzadə İmamrza Çingiz oğlu isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Nazlı Hüseynova Füzuli rayon, İmamrza Sadıqzadə Mingəçevir şəhər sakinidir.
*** 19:39
Mingəçevirdə avtomobil yolu keçən nişanlı cütlüyü vurub.
"Unikal"ın məlumatına görə, hadisə M.Maqomayev prospektində baş verib.
"Mercedes" markalı maşın yolu keçən piyadaları vurub. Piyada qız ölüb.
Əldə edilən ilkin məlumata görə, ölən qız nişanlısı ilə bərabər olub. Oğlan və qəzada xəsarət alan daha bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov