Çad ordusunun bir qrup şəxsi paytaxt Ndjamenada yerləşən ölkə prezidentinin sarayına doğru hərəkət edir.

"Unikal" xəbər verir ki, bu barədə yerli “ChadOne” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, gün ərzində Çadın paytaxtında ağır hərbi texnikanın atışma və hərəkət səsləri eşidilib. İddialara görə hökumət qoşunları müxalifətdə olan Yaya Dillonun rəhbərlik etdiyi Sərhədsiz Sosialist Partiyasının (PSF) qərargahına basqın edib.

Bu siyasətçi həm də 10 oktyabr 2022-ci ildən ölkəyə rəhbərlik edən keçid prezidenti Mahamat İdriss Deby-nin qohumudur.

Bundan əlavə, çərşənbə günü, fevralın 28-də hökumət Çad Milli Təhlükəsizlik Müdirliyinin binasına hücum barədə məlumat verib. Hakimiyyət hücumda PSF-ni günahlandırıb. İndi hərbçilərin də prezident sarayına üz tutduğu haqda xəbərlər var.

Çadda eskalasiya ilk turun 6 may 2024-cü ildə keçirilməsi planlaşdırılan qarşıdan gələn seçkilər fonunda baş verir. Qonşu Mali və Niger kimi , Çad da keçmiş Fransa müstəmləkəsidir və Fransa iqtisadiyyatından müəyyən dərəcədə asılı olaraq qalır. Nigerdəki hərbi çevrilişdən sonra fransız bölmələri məhz oraya köçürüldü.