İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, həmçinin İraq Respublikasının hökuməti və xalqı adından Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin uğurla davam edəcəyinə əmin olduğumu bildirirəm.
Zati-aliləri, Sizə davamlı uğurlar və xoşbəxtlik, Azərbaycan hökumətinə tərəqqi, xalqına isə firavanlıq arzulayıram".
XXX
13:24
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident.
Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Sizə, ölkənizə və xalqınıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Litva Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Qəti əminəm ki, Siz bundan sonra da milli tərəqqiyə və transformasiyaya aparan islahatları həyata keçirməkdə davam edəcəksiniz.
Biz Sizin ölkənizin Ermənistanla sülh əldə etmək səylərini dəstəkləyir və yüksək qiymətləndiririk. Mən Ermənistanla sərhədlərin delimitasiyası ilə bağlı bu yaxınlarda əldə edilmiş və regionda davamlı sülh üçün tarixi imkan yaradan razılaşmanı alqışlayıram. Litvanın Cənubi Qafqazda etimadın yaradılmasına töhfə verməyə hazır olduğunu bir daha qeyd edirəm. İnanıram ki, dialoq və danışıqlar davamlı konsensusa nail olmağın yeganə yoludur.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əhəmiyyətlidir.
Biz ölkənizlə Avropa İttifaqı arasında getdikcə inkişaf edən dialoqu dəstəkləyir və təşviq edirik. Bütün dünyanın artan çağırışlarla üzləşdiyi, Rusiya ilə Ukrayna arasında müharibənin üçüncü ildir ki, davam etdiyi bir vaxtda beynəlxalq nizamı qorumaq, sabitliyi gücləndirmək üçün qarşılıqlı anlaşmanı möhkəmləndirmək və həll yollarını tapmaq çox vacibdir.
Müstəqillik Gününüzü bir daha təbrik edirəm. Cənab Prezident, ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, mətndə deyilir:
"Zati-aliləri, əziz Qardaşım.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan, Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə daha çox inkişaf və firavanlıq diləməkdən məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi birləşdirən qardaşlıq və əməkdaşlıq münasibətlərinin artan dinamika ilə inkişafından şad olduğumu bildirirəm. Dost xalqlarımıza xidmət baxımından əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə işləmək istəyimi bir daha ifadə edirəm.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".