Başağrısı ilə gələn bəla...
04:28 11-04-2012
CƏMİYYƏT
Başağrısı ilə gələn bəla...
Meningitdən necə qurtulmalı?
Tibbin uzun illər öncə aşkarladığı və müalicəsi mümkün olan xəstəliklərdən biri də meningitdir. Meningit beyin qişalarının iltihabı xəstəliyidir. Xəstəliyi əsasən müxtəlif mikroblar və viruslar törədir.
Şiddətli başağrıları
meningitin daim davam edən və ilk simptomudur
Həkim-nevropatoloq Maya Nəbiyeva deyir ki, ümumi infeksiya və ya hər hansı orqanın xəstəliyi olmadan beyin qişalarının iltihabı ilkin meningitlərə aiddir. İlkin meningitlərin bir neçə formalarına təsadüf edilir. İkincili meningitlərə isə vərəm, otogen mənşəli meningitlər aiddir. Bunlar ümumi infeksion xəstəlik və ya yerli iltihabi proses zamanı baş verir: "Beyin qişalarının zədələnməsi klinik olaraq bir sıra meningeal simptomlarla müşayiət edilir, bunlardan da ən əsas əlamətlər başağrıları və qusmadan ibarətdir. Beyinə xas olan bu ümumi simptomlar qan təzyiqinin yüksəlməsini və onurğa beyni mayesində toksik dəyişikliklər getdiyini göstərir. Şiddətli başağrıları meningitin daim davam edən və ilk simptomudur. Adətən ağrı müxtəlif lokalizasiyalı olur, lakin əsasən ənsə, gicgah və alın nahiyələrində yerləşir. Başağrısının patogenezində üçlü və azan sinir şaxələrinin innervasiya etdiyi beyin qişaları peseptorlarının qıcıqlanmasının rolu vardır. Beyin qişaları peseptorları kəllədaxili təzyiq dəyişdiyi üçün mexaniki və toksiki qıcıqlara qarşı çox həssas olur".
Xəstəliyin gedişində
qusma başlıca əlamətdir
Nevropatoloqun dediyinə görə, qusma qida qəbulu ilə əlaqədar deyil, çünki qida qəbul etdikdən sonra da başağrısı azalmır. Meningitlərdə onurğa beyni mayesinin məhlulu artdığı üçün kəllədaxili təzyiq yüksəlir. Kliniki simptomlar kompleksinə ənsə və arxa əzələlərinin gərginliyi, dəri örtüyünün hiperesteziyası, səs və görmə qıcıqlarına həssaslığın artması aiddir: "Meningitin müxtəlif formaları var. Bütün formalar zamanı da xəstələrdə eyni əlamətlər müşahidə olunur. Ənsə əzələlərinin gərginliyi səbəbindən xəstə başının daim dala dartınmasını hiss edir. Başı bükdükdə ayaqlar da dala bükülür, qarına dartılır, bir ayağı bükdükdə, o biri də qeyri-iradi bükülür".
İrinli meningitlər
müxtəlif mikroblar
tərəfindən törədilir
Həkim bildirib ki, irinli meningitlər müxtəlif mikroblar tərəfindən törədilən və ümumi kliniki-anatomik əlamətlərinə görə bir nozoloji qrupda birləşdirilən xəstəliklərdir. Bu xəstəlik zamanı, əsas etibarilə, beyin və onurğa beyninin yumşaq qişaları zədələnir. İrinli meningitin törədiciləri müxtəlif mikroorqanizmlərdir. Xəstəliyin törədiciləri beyin qişalarına müxtəlif yollarla keçir.
Əksər hallarda meninqokokk meningiti zamanı infeksiyanın daxil olduğu yerlər və ilk iltihab ocağı burun-udlaqda yerləşir. Mikrob burun-udlağın selikli qişasına düşüb nazofaringit törədir, xəstəlik simptomsuz bakteriya gəzdiricilikdən ibarət olur, ya da yüksək temperatur, əzginlik forma kəsb edir. Buradan infeksiya limfohematogen yolla beyin qişalarına gedib çıxır.
Çox vaxt bronxların selikli qişaları infeksiya üçün giriş qapısı olur. Xəstəlik kəskin şəkildə başlayır və temperatur 30-40 dərəcəyə qədər yüksəlir. Üşütmə, titrətmə və qusma baş verir.
Meningitin epidemik
serebrospinal forması
damcı infeksiyası və kontakt yolu ilə yayılır
M.Nəbiyevanın sözlərinə əsasən, xəstəliyin epidemik serebrospinal forması irinli meningit sayılır. Damcı infeksiyası və kontakt yolu ilə yayılır. Meninqokokklar selikli qişa və burun-udlaq yolundan orqanizmə daxil olur. Meninqokokklar kəllə içərisinə limfatik, yaxud hematogen yolla sirayət edir.
Mərkəzi sinir sisteminə daxil olduqdan sonra, ilk növbədə, mədəciklərin ependim hüceyrələri və damar kələflərinə təsir edir, oradan beyin-onurğa beyin mayesi vasitəsilə beyin qişalarına keçir. Venalar boyunca irin toplanır. Onurğa beyin qişaları da irinləyir. Şiddətli başağrısı, qusma, arxa boyun əzələlərinin gərginliyi müşahidə edilir.
Meningitin çox iti cərəyan edən formasında
xəstə huşunu itirib yıxılır
Həkim qeyd edib ki, meningitin çox iti cərəyan edən forması olduqca kəskin başlayır. Xəstə huşunu itirib yıxılır. Temperatur kəskin sürətdə yüksəlir, taxikardiya tənəffüs pozulur. Xəstəlik o qədər sürətlə inkişaf edir ki, meningeal əlamətlər və beyin-onurğa beyin mayesi tərkibinin dəyişməsi özünü biruzə verə bilmir. Temperatur 38-39 dərəcəyə qədər yüksəlir. Dəridə qırmızı rəngli səpkilər olur, taxıkardiya baş verir, arterial qan təzyiqi enir, qanda leykositoz yüksəlir.
Bəzən oynaqlarda iltihabi prosesin başlanması xəstəliyi poliartiritə bənzədir. Həddən artıq kəskin şəkildə başlamış meninqokikksemiya çox sürətlə inkişaf edib, malyariyada olduğu kimi titrətmə-qızdırma verir, dəri avazıyır, taxikardiya və tənəffüs pozğunluğu meydana çıxır. Xəstə huşunu itirir.
Kəskin seroz meningiti
orqanizmə tənəffüz
yiolu ilə daxil olur
M.Nəbiyevanın söylədiyinə görə, yumşaq qışanın serozlu iltihabı ilə cərəyan edən bu xəstəlik birincili və ikincili olur. Ən çox, poliomnelit, qızılca, epodemik parotit və vərəm çöpləri ilə yayılır. Xəstəliyin törədici amili süzülən virusdur. O, orqanizmə tənəffüs yolu ilə daxil olur.
Xəstəlik qəflətən kəskin surətdə yüksək temperatur və şiddətli başağrılarıyla başlayır. Xəstə tez-tez qusur, göz almalarında ağrılar olur. Ümumi beyin əlamətləri daha da kəskinləşir. Beyin sinirlərinin pozğunluğu, anizorefleksiya müşahidə olunur.
Xəstəliyin əksər formaları müalicəyə tabe olur
Nevropatoloqun dediyinə görə, meningitin demək olar ki, bütün formaları müalicəyə tabe olur. Ancaq gərək vaxtında həkim tərəfindən xəstənin meningitin hansı formasından əziyyət çəkdiyi müəyyən edilsin. Dəqiq diaqnoz qoyulduqdan sonra müalicə prosesinə başlanılsın.
Müalicədə əsasən antibiotiklər təyin edilir. Antibiotik müalicəsini dayandırmaq üçün əsas meyar temperaturun normaya düşməsi, meningeal simptomların keçib getməsi, xəstənin ümumi vəziyyətinin qənaətbəxş olması, onurğa beyni mayesinin sanasiyasıdır.
Zəhra
Digər Xəbərlər
2024-12-23 13:01:36
2024-12-23 12:49:46
2024-12-23 12:44:53
2024-12-23 12:44:40
2024-12-23 12:33:48
2024-12-23 12:27:41
2024-12-23 12:08:00
2024-12-23 12:06:46
2024-12-23 12:04:25
2024-12-23 12:02:50
2024-12-23 11:59:10
2024-12-23 11:48:54
2024-12-23 11:22:47
2024-12-23 11:21:07
2024-12-23 11:20:00
2024-12-23 11:13:56
2024-12-23 11:07:00
2024-12-23 10:49:13