Nəsiman Qara oğlu Yaqublu Cəbrayıl rayonu ərazisində qəzaya düşmə səbəbilə 25.08.2024-cü il tarixində saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib.

Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, saat 18:43-də ölüm faktı qeydə alınıb.

Allah rəhmət eləsin!

*** 19:37

Bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb. N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a bildirilib ki, tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

*** 19:09

Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairədindən deputatlığa namizədi, professor Nəsiman Yaqublu Zəngilandan seçicilərlə görüşdən qayıdarkən ağır yol qəzasına düşüb. 

“Unikal” xəbər verir ki, bu barədə Arif Hacılı məlumat yayıb.

N.Yaqublu Füzuli xəstəxanasına yerləşdirilib.