Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Murad Qəribov "Unikal"ın yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, Xaçmaz şəhər  9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi sinif yoldaşına evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib:

"Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək. 
Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik". 

*** 11:16

Oktyabrın 1-də saat 16 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.

Bu barədə "Unikal"a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***10:57

Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Xaçmaz şəhər 9-saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Orucov Kənan Taryel oğlu öz sinif yoldaşı Nəsrullayev Ayxan Fuad oğlu tərəfindən bıçaqlanıb.

T.Orucov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, əməliyyat olunub, vəziyyəti kafi olaraq qalır.

Fakla bağlı araşdırmalar aparılır. 

Xanlar Qaraca