Noyabrın 11-12-də Daşkənd şəhərində "Qloballaşma Kontekstində Tibbi Turizm: Problemlər, Perspektivlər və İnnovasiyalar" mövzusunda elmi-praktik konfrans keçirilib. Tibb İşçiləri gününə həsr olunan tədbir Özbəkistanın Turizm Komitəsi, Turizm İnkişafı İnstitutu, Sinqapur İdarəetmə İnkişafı İnstitutu və “Science and Innovation” beynəlxalq elmi jurnalının dəstəyi ilə baş tutub. 

"Unikal" xəbər verir ki, konfransın açılışında Özbəkistanın Turizm Komitəsi sədrinin müavini S.Niyazov, Turizm İnkişafı Elmi-Tədqiqat İnstitutunun direktoru E.Qolışeva, Alfraganus Universitetinin rektoru M.Makhmudov və EMU Universitetinin rektoru, tibb elmləri doktoru, professor A.Qaibullaevin çıxış-təqdimatları qlobal tibbi turizm sahəsində müasir yanaşmalar, imkanlar və təhlillərə həsr olunmuşdu. 

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm biznesi kafedrasının müdiri Hafiz Hüseynovun “Azərbaycanda müalicəvi-sağlamlıq turizminin müasir vəziyyəti” mövzusunda çıxışı Türkiyə, İsrail, Azərbaycan, İspaniya, o cümlədən Özbəkistanın tanınmış alimləri, magistrant və tədqiqatçıları tərəfindən maraqla qarşılanıb.

Konfransda tibbi turizm infrastrukturunun inkişafında beynəlxalq təcrübə mübadiləsi, xidmətlərin standartlaşdırılması və xəstə təhlükəsizliyinin təmin edilməsi, tibbi turizmin rəqabət qabiliyyətinin artırılması və davamlı inkişafı ilə bağlı rəy və  təkliflər müzakirə olunub.

Qeyd etmək lazımdır ki, “Qloballaşma Konteksində Tibbi Turizm:Perspektivlər və İnnovasiyalar” mövzusuna həsr olunan II Beynəlxalq  elmi-praktik konfransda dünyanın 20 ölkəsindən 150 nəfərdən çox alim və mütəxəssis iştirak edib.