Noyabrın 14-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Kərgəlan kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların və xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.
Ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verən icra başçısı qeyd edib ki, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və obyektiv qaldırılan məsələlər həllini tapıb, digər məsələlər barədə aidiyyəti yuxarı qurumlara rəsmi müraciətlər ünvanlanıb və vətəndaşlar məlumatlandırılıblar.
Taleh Qaraşov bildirib ki, yerlərdə əhalinin müxtəlif zümrələri ilə görüşlərin keçirilməsi vətəndaş-məmur münasibətlərində birbaşa dialoq mühitinin daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə, qaldırılan məsələlərin ümumiləşdirilmiş şəkildə dövlət başçısına çatdırılmasına və sözügedən məsələlərin həlli ilə bağlı mümkün mexanizimlərin işlənib hazırlanmasına xidmət edir.
İcra başçısı bütün müraciətlərin şəxsi nəzarətində olduğunu və hər birinə həssas yanaşıldığını yerli sakinlərin nəzərinə çatdırıb.
Kərgəlan kənd inzibati ərazi dairəsinin sakinləri ümumi və şəxsi problemlərini maneəsiz və birbaşa icra başçısına çatdıra bildikləri üçün razılıqlarını ifadə ediblər. Yerli sakinlər sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.