"Səhiyyə sahəsində aparılan islahatlarla yanaşı bir sıra problemlərin olmasını heç kim inkar etmir. Bu sahədə təkmilləşmə işləri aparılır. Onkoloji xəstəliklərlə bağlı məsələ cəmiyyəti narahat edən məsələdir. Növbəti il üçün bu sahəyə 60 milyon manata yaxın vəsait ayrılıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında maliyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu məsələyə instutisional yanaşmaya ehtiyac var: "Biz aidiyyəti dövlət qurumları ilə birgə baxmalıyıq ki, hansı yollarla bu istiqamətə vəsait ayıra biləcəyik. Sizi əmin etmək istərdim ki, yaxın vaxtlarda müəyyən təkliflər hazırlanıb hökumətə təqdim olunacaq".
Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmasını təklif edib.
Anar Kəlbiyev