Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər üzrə ali komissarının ali nümayəndəsi Kaya Kalas ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüş Maltada keçirilən ATƏT Nazirlər Forumu çərçivəsində baş tutub.
Həmsöhbətlər Erməmistan-Aİ tərəfdaşlığının dərinləşdirilməsi istiqamətində son vaxtlar mühüm nailiyyətlərin əldə olunduğunu, əlaqələrin inkişafının görünməmiş dinamikasını məmnunluqla qeyd ediblər. Onlar gündəliyin təşviqi istiqamətində fəal əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.
Ararat Mirzoyan və Kaya Kalas tərəfdaşlığının yeni gündəliyinin əsas komponentlərinə istinad ediblər. Vurğulanıb ki, birgə səylər nəticəsində Ermənistan-Aİ əməkdaşlığı insanlar arasında təmaslardan, demokratik islahatlardan tutmuş təhlükəsizlik məsələləri üzrə dialoqa qədər qarşılıqlı maraq doğuran geniş sahələri əhatə edir. İstifadə olunan alətlər arasında Aİ-nin monitorinq missiyasının Ermənistan və Azərbaycan sərhədində sabitliyin təmin edilməsində rolu vurğulanıb.
Nazir və Aİ Nazirlər Şurasının Ali Nümayəndəsi regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Mirzoyan Kaya Kalasa Ermənistanın Cənubi Qafqazda sabit sülhün bərqərar edilməsi üzrə səyləri, o cümlədən Azərbaycanla münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması barədə ətraflı məlumat verib. Regionun iqtisadiyyatı və nəqliyyat kommunikasiyaları vasitəsilə qarşılıqlı əlaqənin artırılması məsələlərinə də toxunulub.
Ağarza Elçinoğlu