"Təəssüflər olsun ki, 1988-ci ildə Qərbi Azərbaycandan 300 mindən çox azərbaycanlı öz torpaqlarından və qohumlarının məzarlarının yerləşdiyi ərazilərdən ermənilər tərəfindən zorla deportasiya edilib. Təbii ki, onlar böyük əzab və çətinliklər yaşadılar".

"Unikal" xəbər verir ki, bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib. O bildirib ki, Azərbaycan bu gün ərazi bütövlüyünə nail olub:

"Biz Qərbi azərbaycanlıların problemlərini dünyaya çatdırmalıyıq. Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir. Azərbaycan torpaqlarını tam azad edib. Reallığa baxdıqda bugünkü Ermənistan ərazisinin böyük bir hissəsi də tarixən Azərbaycan torpağı olub. Ancaq Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan sadəcə sülh və sabitlik istəyir. Bu insanların mülkiyyət hüquqlarından məhrum edilməsi, ləyaqətlə yaşamaq hüququnun mənimsənilməsi bu gün beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir. Şərəfli, təhlükəsiz və könüllü şəkildə geri qayıtmaq Qərbi azərbaycanlıların haqqıdır. Bu, həm də regionun sülh və sabitliyi üçün çox vacibdir".