Avropa İttifaqı Şurası 2025-ci il yanvarın 1-dən etibarən Bolqarıstan və Rumıniyanın Şengen sazişinə qoşulacağını və həmin ölkələrlə quru sərhədlərində nəzarətin ləğv ediləcəyini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.
Sofiya və Buxarestin Şengen zonasına qəbulu prosesində yekun qərar Avropa İttifaqı liderlərinın dekabrın 19-20-də Brüsseldə keçiriləcək sammitində veriləcək, lakin bu, formal xarakter daşıyacaq. Belə ki, ədliyyə və daxili işlər nazirləri artıq qərarı Aİ Şurasında təsdiqləyiblər.
Xatırladaq ki, Bolqarıstan və Rumıniya 2007-ci ildə Avropa İttifaqına üzv qəbul edilmişdi. Lakin onların Şengen sazişinə qoşulması bir sıra problemlər, əsasən də korrupsiya ilə mübarizə məsələsi həll olunanadək təxirə salınmışdı. Proses 2015-ci ildə Aİ-də miqrasiya böhranından sonra tamamilə dayanmışdı. 2024-cü ilin martında Brüssel bu ölkələrin hava və su nəqliyyatında pasport nəzarətini ləğv etmişdi.
Bolqarıstan və Rumıniyanın sazişə qəbulu onların Avropa İttifaqı üzvü olmasından 18 il sonra reallaşıb.