Filippində hakimiyyət orqanları dang qızdırması ilə mübarizə aparmaq üçün maraqlı üsula əl atıblar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, paytaxtı Manilanın Mandaluyong şəhərində 5 ağcaqanad öldürən hər kəsə 1 Filippin Pesosu (təxminən 0,30 qəpik) mükafat veriləcəyi açıqlanıb.

Buna səbəb isə ölkədə ağcaqanadlar vasitəsilə yayılan dang qızdırmasıdır. Belə ki, səlahiyyətli şəxslər keçən həftə iki tələbənin dang qızdırmasından öldükdən sonra belə bir addım atıblar. Mükafat almaq üçün öldürülmüş ağcaqanadları sübut kimi gətirmək lazımdır.

Filippin Səhiyyə Departamenti yerli hakimiyyət orqanlarının xəstəliklə mübarizədə göstərdiyi səylərə görə minnətdarlığını bildirib. Bununla belə, bu qərar sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

Rəsmi rəqəmlərə görə, fevralın 1-nə ölkədə 28 234 dang qızdırması halı aşkar edilib. Dang qızdırması dişi Aedes ağcaqanadları tərəfindən ötürülən viral infeksiyadır, ən çox tropik və subtropik bölgələrdə müşahidə olunur. Yüksək hərarət, şiddətli sümük ağrısı, ürəkbulanma və səpki kimi simptomlara səbəb olan xəstəlik ağır hallarda ölümcül daxili qanaxmaya səbəb ola bilər.

Gülayə Mecid