Ukrayna Nazirlər Kabinetinin əsas fəaliyyət istiqamətlərindən biri ölkənin özünütəminat səviyyəsinin yüksəldilməsidir. PUA tədarükünə əlavə 7.9 milyard qrivna vəsait ayrılacaq.
"Unikal" xəbər verir ki, bunu Ukrayna hökumət rəhbəri Denis Şmıqal söyləyib.
“Hazırda üzərində işlədiyimiz gündəlik çağırışlar təkcə enerji məsələsi ilə bağlı deyil. Qarşılaşdığımız çətinliklər maliyyə, silah, iqtisadiyyat, ukraynalı ailələrin təminatı, sosial ödənişlər və təhlükəsizlik sahələrini əhatə edir. Bu çağırışların öhdəsindən gəlmək üçün hökumətin əsas fəaliyyət istiqamətlərindən biri Ukraynanın özünütəminat səviyyəsini yüksəltməkdir”, - deyə o söyləyib.
Hökumət rəhbəri bildirib ki, özünütəminat məsələsində əsas diqqət yerli silah istehsalına və iqtisadiyyatın gücləndirilməsinə ayrılır. Onun sözlərinə görə, PUA sahəsində yerli istehsal səviyyəsi 100 faiz təşkil edir. Yanvar ayında dron istehsalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə artıb.
Bundan başqa, 2023-2024-cü illərdə yerli artilleriya istehsalı üç dəfə, zirehli transportyor beş dəfə, tank əleyhinə silah iki dəfə, sursat istehsalı isə 2.5 dəfə artıb.
“Hazırda ehtiyac duyduğumuz silahların üçdəbirini özümüz istehsal edirik. Hökumətin qarşısında duran əsas hədəf bu rəqəmi azı yarıya çatdırmaqdır”, - deyə o əlavə edib.
Şmıqal bildirib ki, Nazirlər Kabineti dronların alınması üçün daha 7.9 milyard qrivna vəsait ayırır. Vəsait müvafiq sifarişləri həyata keçirmək üçün Xüsusi Rabitə və İnformasiya Mühafizəsi Dövlət Xidmətinə yönəldiləcək.