Xəbər verdiyimiz kimi, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,5 ABŞ dolları azalaraq 68,14 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində isə bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Bəs görəsən, Azərbaycan neftinin qiymətindəki azalma büdcəyə necə təsir edə bilər?
Deputat Vüqar Bayramov "Unikal"a açıqlamasında bildirib ki, neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımından vacibdir. Onun sözlərinə görə, neftin qiyməti aşağı düşən zaman ölkəyə daha az valyuta daxil olur və ya qiymət yüksək olan zaman valyuta gəlirlərimiz artır:
"Ümumi ixracatımızın 80%-dən çoxunu neft və neft məhsulları təşkil etdiyinə görə, neftin dünya bazar qiymətinin dəyişməsi ölkəyə daxil olan valyutanın həcmi baxımından vacibdir. Sözsüz ki, neftin dünya bazar qiymətinə həm də qısamüddətli deyil, eyni zamanda uzunmüddətli dövrdə baxılmasına ehtiyac var. Son qiymət artımları qlobal ticarət müharibələrinin dərinləşməsi ilə bağlıdır. Gözlənilir ki, bu, bütövlükdə qlobal ticarətdə 330 milyard dollarlıq azalmaya, qlobal iqtisadiyyatda isə müəyyən neqativ təsirlərə malik olacaq. Bu da neftə olan tələbin psixoloji olaraq azalmasına gətirib çıxarıb. Xüsusilə yarımillik və illik müddətdə orta qiymət çox önəmlidir.
Sözsüz ki, neftin dünya bazar qiymətindəki azalmalar həm də qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların daha da dərinləşməsi üçün zəmin yaradır. Onu da qeyd edim ki, son illər bu istiqamətdə islahatlar dərinləşib. Azərbaycanın valyuta ehtiyatları onun ümumi daxili məhsulu qədərdir. Ona görə Azərbaycanın bu konteksdən təhlükəsizlik yastığı formalaşıb. Amma növbəti dövrdə də neftin dünya bazar qiyməti ölkəmizə daxil olan valyutanın həcmində aparıcı olaraq qalacaq".
Anar Kəlbiyev