"İcra işlərində kütləvi problem təminatsız kreditlər məsələsidir. Kimsə məsələni sosial-iqtisadi durum, mental dəyərlər, istehlakçı davranışları, ictimai dəbin və digər faktorların üzərində axtara bilər. Lakin nəticə dəyişmir-borculunun sabit gəliri, tutuma yönəldilə biləcək əmlakı olmayanda işlərin icrası mümkünsüz olur, borclular barəsində məsuliyyət tədbirlərinin icrasına da yol verilmir. Belə işlərin çəkisinin artması isə icra göstəricilərinə mənfi təsir göstərir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib. O bildirib ki, ona görə də dövlət orqanları banklarla geniş müzakirələr apara bilərlər ki, nə üçün belə yüksək faizlərlə və qaytarılması öncədən mümkünsüz görünən milyonlarla manat vəsaitinin vətəndaşların üzərinə yüklənməsinə gedirlər:
"Bəlli olduğu kimi, devalvasiya nəticəsində məbləği 1 milyard manatdan yuxarı olan problemli kreditlərin qaytarılması üçün cənab Prezident tərəfindən müvafiq tədbirlər görüldü, külli miqdarda vəsaitlər borcların qapadılmasına yönəldildi və indiki 400 milyon manatlıq səviyyəyə endirilməsinə gətirib çıxardı. Lakin iqtisadi-sahibkarlıq mühitmiz üçün sözügedən rəqəmin özü də ağır problemdir. Təəssüflər olsun ki, təminatlı kreditlərdə də icra olunmayan işlərin sayı 100 mindən çoxdur. İşlərin kəskin artımı icra məmurlarının iş yükünü kritik həddə çatdırır. Bir icra məmuruna düşən işilərin sayı il ərzində 3000-ə yaxın olur. Lakin rəqəmlərin orta göstəricisi dəqiq mənzərə deyil, çünki ayrı-ayrı icra orqanlarında həllini gözləyən qərarların sayı qat-qat çoxdur. İcra olunmayan qərarların mühüm bir hissəsini inzibati məsələlər təşkil edir. Əgər dövlət orqanlarının hərəkət və hərəkəsislziyi məhkəmə sistemini, nəticədə İcra institutunun yükünü hədsiz artırırsa, onda birinci növbədə, problem kökündə-bazisində həll edilməlidir. Özəl icra təsisatını qurmaq da dövlətin səlahiyyətlərinin çox asanlıqla digər qurumlara verilməsindən çox onun effektiv olacağına və iqtisadi əsaslandırılmasına ehtiyacı göstərir. Belə ki, Qazaxıstan nümunəsi heç də uğurlu olmayıb".
Anar Kəlbiyev