“İsrail açıq şəkildə elan edir ki, İranın nüvə proqramını dayandırmaq istəyir. Əsas məqsəd bundan ibarətdir”.

Bu sözləri “Unikal”a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, toqquşmalar da elə bu səbəbdən başlayıb:

“Toqquşmaları İsrail başladıb. İlk öncə nüvə proqramının inkişaf etdiyi obyektləri vurdular. İran generalları öldürüldü.

Açıq desəm, mən İranın nüvə proqramını dayandıracağına və İsrailin öz məqsədinə çatacağına inanmıram. İran hökuməti başa düşür ki, nüvə silahı onların əlində olsa, özlərini sığortalaya biləcəklər”, - deyə o qeyd edib.

Sabiq nazir İsrail-İran hərbi toqquşmasının Zəngəzur dəhlizinin açılması məsələsinə hər hansı təsirinin olub-olmayacağından da danışıb: “Zəngəzur dəhlizi məsələsi ilk növbədə Ermənistan hakimiyyətindən asılıdır. Ermənistandan soruşmaq lazımdır ki, onlar bu prosesi niyə ləngidirlər?

Mən indiyə qədər başa düşə bilmirəm ki, onlar niyə 42 kilometr uzunluğundakı yolla bağlı qiymətləndirmə aparmayıblar? Çünki bu dəhliz açıq şəkildə işləsə, Ermənistanın büdcəsinə xeyli gəlir daxil ola bilər. Hələlik mən Ermənistan rəhbərliyinin bu istiqamətdə ciddi addımlar atdığını görmürəm".

Murad İbrahimli