Yasamal rayon ictimaiyyəti 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Gününü təntənə ilə qeyd edib. Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı, akademik M.Ə. Mirqasimov adına Respublika Klinik xəstəxanası və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində xüsusi tədbir baş tutub.
"Unikal" xəbər verir ki, tədbirdən öncə ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək öz dərin ehtiramını bildiriblər.
Tədbir çərçivəsində öncə Azərbaycanın səhiyyə sisteminin keçdiyi inkişaf yoluna nəzər salan videoçarxa baxış keçirilib. Tədbirdə çıxış edən YAP Yasamal raton təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Göydəniz Qəhramanov, İlham Məmmədov, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov və digər natiqlər son illər Azərbaycan səhiyyəsinin inkişaf istiqamətlərindən danışdılar və qarşıda duran vəzifələrdən söhbət açıblar.
Daha sonra nitq söyləyən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü təsis edilmişdi. Elşad Həsənov bildirdi ki, son illər Azərbaycan tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi və kadr islahatları bu sahəni yeni səviyyəyə çıxarmağa imkan yaradıb. Bütün bunlar cənab Prezident İlham Əliyevin apardığı səhiyyə sisteminə dəstək siyasətinin nəticəsidir. Eyni zamanda bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yeni tibb ocaqları istifadəyə verilir, həmçinin diabetli, talassemiyalı xəstələrə qayğı göstərilir.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğulayıb ki, Azərbaycan səhiyyəsi barədə danışarkən iki məqama - COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsinə toxunmaq lazımdır. İki illik pandemiya dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək böyük fədakarlıq göstəriblər. Cənab Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə ölkəmizə peyvənd dozaları gətirildi və əhali pulsuz olaraq peyvənd edildi. Birgə səylərlə ölkəmiz Covida qalib gəldi və böyük sınaqdan uğurla çıxıb.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki Vətən müharibəsində Azərbaycanın tibb işçiləri böyük fədakarlıq göstərdilər. Müharibədə yaralanan əsgər və zabitlərimizə cəsarətlə yardım etdilər. Tibb işçilərimiz arasında şəhid olanlar oldu. Onların və bütün şəhidlərimizin qanı yerdə qalmadı və biz bu haqq müharibəsindən qalib çıxdıq.
Tədbirin sonunda Yasamal rayonunun tibb işçilərinə səmərəli fəaliyyətlərinə görə fəxri diplomlar təqdim olunub.