Gəncə şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində ödənişsiz hüquqi yardım və maarifləndirmə tədbiri təşkil olunub.

"Unikal" xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən bu tədbir Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşəbbüsünə əsasən reallaşıb.

“Yurdumuza Qayıdırıq” devizi altında keçirilən görüşdə əsas diqqət keçmiş məcburi köçkünlərin hüquqi biliklərinin artırılmasına və onların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı hüquqi prosedurlar barədə məlumatlandırılmasına yönəlib.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdir müavini Mirhüseyn Hüseynov, məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən və bu cür maarifləndirici görüşlərin əhəmiyyətindən danışıb. O bildirib ki, hüquqi biliklərin artırılması gələcəkdə köçkünlərin yenidənqurma və reinteqrasiya prosesinə fəal qoşulması üçün vacib amildir.

Görüş zamanı iştirakçılarla fərdi hüquqi konsultasiyalar aparılıb. Əmlak hüquqları, sosial müdafiə, güzəştlər və kompensasiya mexanizmləri kimi məsələlər üzrə 100-ə yaxın vətəndaşın sualları cavablandırılıb.

Tədbirdə iştirak edən vəkil Leyla Əhmədova bu təşəbbüsə cəlb olunan vəkillərin tam şəkildə könüllü əsaslarla fəaliyyət göstərdiyini və hüquqi yardımın şəhid ailələri, qazilər və digər həssas təbəqələr üçün də davamlı olaraq təşkil olunduğunu qeyd edib.

Qeyd edək ki, bu təşəbbüs çərçivəsində oxşar tədbirlərin digər şəhər və rayonlarda da təşkili nəzərdə tutulur.