Bakı Mühəndislik Universitetində (BMU) yay təcrübə proqramında iştirak edən koreyalı tələbələrlə görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüş zamanı BMU-nun rektoru Yaqub Piriyev Koreyanın İNHA Universitetinin İqlim Böhranına Cavab Layihə Qrupu ilə imzalanmış saziş çərçivəsində gerçəkləşən təcrübə proqramının önəmindən danışıb. Bildirib ki, təcrübə proqramı tələbələr üçün yay semestri ərzində tədris və praktik biliklər əldə etmək, o cümlədən biliklərin inteqrasiyası baxımından unikal fürsət yaradır. Yaqub Piriyev belə təcrübə proqramlarının, eyni zamanda multikultural dəyərlərin mənimsənilməsi aspektindən də vacib olduğunu söyləyib. BMU və İNHA Universiteti arasında qurulmuş əməkdaşlığın təkcə təhsil sahəsində deyil, həm də qlobal miqyasda aktual olan iqlim dəyişikliyi problemlərinə qarşı ortaq elmi yanaşmaların inkişaf etdirilməsinə yönəldiyini deyən rektor ötən il Azərbaycanda keçirilən COP29 iqlim tədbirinin dünyanın ekoloji problemlərinə diqqətin artırılması baxımından əhəmiyyətini vurğulayıb. Eləcə də tələbələri ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə alternativ və bərpa olunan enerji mənbələrinin payının artırılması üçün görülən işlər, hədəflər barədə məlumatlandırıb.
Görüşdə BMU və İNHA Universiteti arasında bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının uğurlu icrasından bəhs olunub.
Sonra tələbələrin təcrübə müddətində iştirak etdikləri akademik fəaliyyətlər, yer aldıqları layihələr və qazandıqları praktiki biliklər ətrafında fikir mübadiləsi aparılıb.
İNHA Universitetinin “Enerji resursları mühəndisliyi” ixtisasının tələbəsi An Hyejin və “Siyasi elmlər və beynəlxalq münasibətlər” ixtisasının tələbəsi Jin Yeongmin təcrübə müddətində əldə etdikləri nəticələrdən danışıb, BMU-nun mühitindən, müəllim və tələbə heyətinin onlara göstərdiyi diqqətdən razı qaldıqlarını deyiblər. Tələbələr Azərbaycan, onun mədəniyyəti, milli mətbəxi haqqında xoş təəssüratlarını da bölüşüblər.
Sonda tələbələrə xatirə hədiyyələri təqdim edən rektor onlara gələcək təhsilləri ilə bağlı tövsiyələr verib.
İctimaiyyətlə əlaqələr şöbəsi