Barak Obama Suriya ilə bağlı mövqeyini amerikalılara açıqladı
10:43 12-09-2013
DÜNYA
Barak Obama Suriya ilə bağlı mövqeyini amerikalılara açıqladı
ABŞ Bəşər Əsəd əleyhdarlarına silah göndərməyə başladı
ABŞ prezidenti Barak Obama xalqa telemüraciətində kimyəvi silahın istifadəsinə görə Suriyaya qarşı cavab tədbirlərinin Amerikanın milli təhlükəsizliyinin marağında olması səbəblərini açıqlayıb.
"BBC"nin verdiyi xəbərə görə, Obama qeyd edib ki, ABŞ Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etməyib, lakin avqustun 21-də Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi uşaqlar da daxil olmaqla 1000-dən çox insanın ölümünı səbəb olub. Onun sözlərinə görə, belə halın təkrarlanmasının qarşısını almaq üçün hərbi müdaxilənin həyata keçirilməsi zəruridir.
Bununla belə prezident ABŞ əsgərlərinin Suriya ərazisinə daxil olmayacağını və problemin dinc yolla həllini üstün tutduğunu qeyd edib.
Obama həmçinin Rusiyanın Suriyaya məxsus kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi təklifini nəzərdən keçirəcəyini vəd edib və əvvəlcə bunun həyata keçirilməsinin nə dərəcədə real olduğunu yoxlamaq lazım olduğunu qeyd edib. "Bu təklifin uğurlu olacağını deməyə hələ çox tezdir", deyə o bildirib.
Obama Suriyaya hərbi müdaxilə məsələsində beynəlxalq müttəfiqlərinin dəstək verəcəyinə ümid etdiyini bildirib. O həmçinin qeyd edib ki, Amerika ordusu Əsəd rejiminə təzyiqləri davam etdirmək üçün daim hərbi əməliyyata hazır olacaq.
Nitqinin sonunda isə Barak Obama dünyada münaqişələrin nizamlanmasında ABŞ-ın aparıcı rolunu qeyd edib.
ABŞ-ın Suriya ilə bağlı birtərəfli addımlarını
daha 8 ölkə dəstəklədi
ABŞ-ın BMT TŞ-nin sanksiyası olmadan Suriya ilə bağlı planını dəstəkləyən bəyanata daha 8 ölkə qoşulub. Bu barədə Ağ Evin açıqlamasında deyilir.
Məlumata görə, bəyanata Gürcüstan, Qvatemala, Küveyt, Malta, Monteneqro, Panama, Polşa və Portuqaliya qoşulub.
Beləliklə, ABŞ-ın BMT TŞ-nin sanksiyası olmadan Suriya ilə bağlı addımlarını dəstəkləyən ölkələrin sayı 33-ə çatıb.
BMT Təhlükəsizlik
Şurasının Suriya ilə
bağlı məsləhətləşmələri baş tutmadı
BMT Təhlükəsizlik Şurasının dünən saat 01.00-a nəzərdə tutulmuş Suriya ilə bağlı məsləhətləşmələri baş tutmayıb.
"RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə Avstraliyanın BMT-dəki daimi nümayəndəsi Qari Kuinlan bildirib. "Məsləhətləşmələrə dair xahiş geri götürüldükdən sonra saat 16.00-a (Bakı vaxtı ilə 01.00) planlaşdırılmış Təhlükəsizlik Şurasının görüşü baş tutmayacaq", deyə o "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, Suriya üzrə təcili məsləhətləşmələrin keçirilməsi təklifi Rusiya tərəfindən irəli sürülmüşdü.
ABŞ Suriya
müxalifətinə silah
göndərməyə başladı
ABŞ Suriyadakı müxalifətə silah göndərməyə başlayıb. Bu barədə məlumatı "Reuters" müxalifət qüvvələrinin koalisiyasına istinadən yayıb.
Müxalifət koalisiyasının nümayəndəsi Xalid Salehin sözlərinə görə, Amerika tərəfi silahların pis əllərə düşməyəcəyindən əmin olduqları üçün bu addımı atıb. Salehin Vaşinqtonda keçirdiyi mətbuat konfransında səsləndirdiyi bu fikir ABŞ-ın Suriyada müxalifətə silah verməsinə dair ilk rəsmi açıqlama hesab edilir.
Qeyd edək ki, hələ bu ilin iyununda Ağ Evdəki mənbə Suriya müxalifinə silah göndərilməsi ilə bağlı müzakirələrin aparılacağını bildirmişdı. Ancaq konkret olaraq hansı silahlardan söhbət getdiyi barədə məlumat verilmir.
Bəşər Əsəd:
"Müharibəyə mane olmaq üçün hər şeyi edəcəm"
Bu arada Suriya prezidenti Bəşər Əsəd isə ölkəsinə hərbi müdaxilənin edilməməsi üçün hər şeyi edəcəyini bildirib. CBS telekanalına açıqlamasında Bəşər Əsəd kimyəvi silah hücumunu rədd edib: "Müharibəyə maneə törətmək üçün hər şeyi edəcəyəm. BMT-nin qrupu Suriyada olan zaman kimyəvi silahdan istifadə edilməsi məntiqlimi?".
Öz əsgərlərinin kimyəvi maddənin təsirinə məruz qaldığını iddia edən Əsəd, müxalifətin son 4 ay aərzində onlara raket zərbələri endirdiyini mə silahlı müxalif qrupların kimyəvi silah hücumu etdiyi barədə görüntülərinin iinternetdə yayıldığını deyib.
Bəşər Əsəd Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələrin Suriyanın altını qazmaq istədiyini iddia edib. Suriya lideri Türkiyə hakimiyyətinin "Müsəlman Qardaşları"nın bölgədə hakim mövqeyə gəlməsinin onların lehinə olacağına və bununlada ölkələrinin siyasi gələcəyinə təminat alacaqlarına inandığını da sözlərinə əlavə edib.
Suriyada orduya məxsus təyyarə vuruldu
Suriyada hökumət qüvvələrinin müxtəlif şəhərlərdə apardığı hərtbi əməliyyatlar çoxsaylı itkilərlə nəticələnib. CNN-in üsyançı mənbələrə istinadən verdiyi məlumata görə Dəməşq ətrafında, Hələb, Homs, Deyr-əz-Zor və digər bölgələrdə keçrilmiş əməliyyatlarda 64 nəfər həyatını itirib. Ölənlər arasında uşaq və qadınların da olduğu bildirilir.
Suriyalı üsyançılar orduya məxsus təyyarəni vurduqlarını iddia ediblər. Bəzi məlimatlara görə isə, üsyançılar Hama şəhəri yaxınlığında havadan müdafiə kompleksini ələ keçirə biliblər. Hərbi əməliyyat zonalarında toqquşmaların davam etdiyi bildirilir.
Rusiya və İran Suriya müxalifəti tərəfindən kimyəvi silah tətbiqinə dair dəlil-sübutları
BMT-yə təqdim etdi
Rusiya Suriya müxalifəti tərəfindən kimyəvi silah tətbiqinə dair dəlil-sübutları BMT Təhlükəsizlik Şurasına təqdim edib. Bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov deyib.
O bildirib ki, Suriyada kimyəvi silah təkcə hökumətin əlində deyil, müxalifət də kimyəvi silahlara sahibdir: "Terrorçuların bu silahlardan bir neçə dəfə istifadə etdiklərinə dair şübhələr var".
A. Puşkov Suriyada olan BMT insan haqları müşahidəçisi Karla Del Pontenin Hələb yaxınlığında bu ilin mart ayında silahlı döyüşçülərin kimyəvi silahdan istifadə etdiyinə dair bəyanatını xatırladıb: "Rəsmi Moskvanın Suriyada terrorçuların kimyəvi silahdan istifaddəsinə dair kifayət qədər sübutu var. Rusiya artıq bu sübutları BMT Təhlükəsizlik Şurasına təqdim edib".
ABŞ-da müharibəni istəyənlərin aktiv olduğunu söyləyən A. Puşkov bildirib ki, Rusiyanın sülh təklifinə baxmayaraq, ABŞ-da hələ də Suriyaya hərbi müdaxilə etməyi istəyənlər var: "Onlar Suriyada Liviya ssenarisini həyata keçirmək istəyirlər. 60-90 gün ərzində hücumlar təşkil etmək... Rusiyanın sülh planını baltalamaq istəyirlər. Artıq proses başlayıb. Prezident Barak Obamanın beynəlxalq təhlükəsizlik müşaviri Rusiyanın sülh planından heç bir nəticə əldə olunmayacağını və ABŞ-ın hərbi müdaxiləyə hazır olmasının vacibliyini söyləyib".
A. Puşkov Rusiyanın sülh təklifi ilə bağlı yeni təxribatlar olacağını da söyləyib: "Suriya münaqişəsində maraqlı olan mərkəzlər Rusiyanın sülh planını baltalamaq üçün çalışırlar. Ərəb ölkələrindəki bəzi qüvvələr Suriyaya hərbi müdaxiləni tək alternativ hesab edir".
"Suriyada kimyəvi silahlardan müxalif qrupların istifadə etdiyini təsdiqləyən dəlilləri BMT-yə verdik". Bunu isə İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahian bildirib.
Onun sözlərinə görə, dəlillərin bəziləri çox açıq-aşkardır: "Məsələn, ötən ilin dekabr ayında 2 ədəd zarin qazı olan kapsula Suriyaya keçirildiyinə dair xəbər əldə edilib. Bu kapsulalar ərəb ölkələrindən Suriyanın bir qonşu ölkəsinə gətirilib və həmin dövlətdə də mühüm siyasi və təhlükəsizlik məzmunlu reaksiyalara səbəb olub".
Analitiklər Suriyaya hücum planı
haqda nə deyirlər?
Bir çox siyasi analitiklər ABŞ-ın Suriyaya hərbi müdaxilə planının İraq ssenarisi ilə eyni olduğunu bildirirlər. Lakin hər iki plan arasında oxşar cəhətlərin olmasına baxmayaraq fərqləndirici xüsusiyyətlər daha çoxdur.
Ən azından ona görə ki , İraqda bir çox qonşu dövlətlərin maraqlarının olmasına baxmayaraq , aktiv mübarizə koalisiya qüvvələrinin ölkəyə girməsi və Səddam Hüseyn rejiminin süqutu ilə başladı. Suriyada isə münaqişə başladığı gündən etibarən, qonşu ölkələrin, yəni, Türkiyənin, İranın, Səudiyyə Ərəbistanının, Rusiyanın, İraqın, habelə radikal islamçı qrupların maraqlarının toqquşmasının və aktiv mübarizənin şahidi olduq.
"Ərəb baharından" ilham alaraq, Bəşər Əsəd hakimiyyətinə qarşı aparılan mübarizə ölkə ərazisinə radikal islamçı qrupların axını ilə öz məcrasını dəyişdi. "Hizbullah"ın Suriyaya münaqişəsində bu ölkənin hakimiyyətinə dəstək verərək müxaliflərə qarşı döyüşməsi isə münaqişənin yönünü tam dəyişərək onu məzhəblərarası münaqişəyə çevirdi ki, bu da əslində regionda ən çox iki dövlətin - İsrailin və Səudiyyə Ərəbistanının maraqlarına xidmət edir.
Çünki 2008-ci ildə Qəzzada İsrailin "Həmas"a qarşı keçirdiyi hərbi əməliyyatlara "Hizbullah"ın "Həmas"a dəstək verəcəyi və bununla da qismən zəifləyəcəyi ilə bağlı gözləntilər özünü doğrultmadı.
Əksinə, "Hizbullah"ı zəiflətmə planının baş tutması üçün bu gün Suriyada ən münbit şərait var. Çünki bu dəfə ona qarşı İsrail ordusu deyil, heç bir qayda qəbul etməyən "Əl Qaidə" terror təşkilatı mübarizə aparır.
Suriya rejiminə dəstək verməyi müqəddəs borc hesab edən "Hizbullah" yarandığı tarixdən bu günə qədər ən böyük siyasi səhvə imza atdı. Belə ki, "Hizbullah" həm Suriyani, həm də Livanı məzhəblərarası münaqişə girdabına saldı.
Lakin bu, Suriyaya hərbi müdaxilənin "Hizbullah" təşkilatını tam zəiflədəcəyi demək deyil. Lakin məhz hərbi müdaxilənin gedişində "Hizbullah" yaraqlılarının Suriya ərazisini tərk edəcəkləri gözlənilir.
Suriyaya ediləcək hərbi müdaxilə zamanı ehtiyat edilən məqamlardan biri də İranla cəbhənin açılmasıdır ki, bu, bir o qədər inandırıcı deyil. Çünki Suriya münaqişəsində aktiv tərəflərdən biri olan Ankaradan fərqli olaraq, Tehranın manevr imkanları daha çoxdur.
Bir çox ekspertlər İran Parlamentinin 170 nümayəndəsinin Suriya hakimiyyətini dəstəkləyərək hərbi müdaxiləyə qarşı mübarizə etməyə hazır olduqlarını bəyan etmələri və sabiq prezident Haşımi Rəfsəncaninin Əsəd əleyhinə bəyanatla çıxış etməsini İranda Suriya məsələsində parçalanmanın olması kimi qiymətləndirirlər. Lakin bunun heç də belə olmadığı tamamilə aydındır. Əslində İrandan məsələyə ikili münasibət Qərbə açıq ismarıcdır. Dolayısı ilə Qərb İranla ya Suriyada toqquşmalı, ya da İranın nüvə proqramında Tehrana kompromisə getməlidir.
Suriyaya hərbi müdaxilənin ən çox təsir edəcəyi ölkələrdən biri isə məhz Türkiyə olacaq. Məlumdur ki, bir çox müsəlman ölkələrində müxalifət arasında Suriya məsələsində parçalanma olmasına baxmayaraq, Türkiyədən fərqli olaraq müxalifət bu kartdan ölkə hakimiyyətinə qarşı istifadə etmir.
Bu gün Türkiyədə mövcud olan real vəziyyət, müxalifətin Suriya məsələsinə münasibəti bu ölkəyə hərbi müdaxilənin Türkiyədə ən yaxşı halda siyasi təlatümlərə səbəb olacağını söyləməyə əsas verir.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40
2024-12-23 23:44:02
2024-12-23 23:19:16
2024-12-23 22:36:17
2024-12-23 22:20:17
2024-12-23 21:48:02
2024-12-23 21:02:17
2024-12-23 20:58:32
2024-12-23 19:44:32
2024-12-23 19:33:30
2024-12-23 17:48:08
2024-12-23 17:43:00
2024-12-23 17:16:00
2024-12-23 17:13:13