Hacıbala Abutalıbovdan yeni söküntü dalğası
12:17 07-02-2014
İQTİSADİYYAT
Hacıbala Abutalıbovdan yeni söküntü dalğası
Paytaxt rəhbəri "Qış bulvarı"ndakı ssenarini davam etdirəcək?!
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni söküntüyə hazırlaşır. Bu söküntü dalğası zamanı 10 min evin söküləcəyi bildirilir.
Belə ki, dünən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda söküləcək evlərin sayını açıqlayıb. BŞİH-nin aparatının rəis müavini Zülfəli İsmayılov bildirib ki, artıq müəyyənləşdirmə işlərinin bir qismi başa çatıb.
Müfəssəl planda öz əksini tapan ərazilərdə söküntünün aparılması üçün Maliyyə Nazirliyi, Yol Servis İdarəsi və Yasamal Rayon İcra Hakimiyyəti birgə iş aparır. Ərazilər ölçülür: "Bu plana əsasən söküntüyə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yuxarı hissəsindən start veriləcək. Azdrama-nın aşağı hissəsində məlum olduğu kimi söküntü işləri aparıldı və yeni park salındı. Artıq söküntü işlərinin aparılması üçün maliyyə ayrılıb. Bəziə ərazilərdə söküntüyə başlanılıb. Vətəndaşlara kompensasiya verilir. Məlumata görə, Yasamal rayonu ərazisində 10 mindən çox evin söküntüsü nəzərdə tutulur".
Meriyadan bildiriblər ki, söküntü işlərinin aparılması ilə bağlı İH-də işçi qrup yaradılıb. Başçının birinci müavini Səməd İslamov İşçi qrupunun rəhbəri təyin edilib.
Qeyd edək ki, müfəssəl planda söküntünün Azdramanın yuxarısndan başlanılaraq H.Cavid bağınadək uzanacağı göstərilib.
Artıq həmin söküntü planı sözügedən ərazidə yaşayan vətəndaşların narahatlığına səbəb olub. Məsələ burasındadır ki, meriyanın əvvəllər apardığı söküntülər xeyli narazılıqlara yol açıb. Məsələn, "Qış bulvarı" ərazisindəki söküntü işləri zamanı orada yaşayanlara kompensasiyaların verilməsi zamanı xeyli vətəndaş haqsızlıqla üzləşib. Onlara verilən kompensasiyaların məbləği əksər hallarda həmin vətəndaşların sonradan şəhərin mərkəzi yerlərində yeni mənzillər alınması üçün kifayət etməyib.
Xatırladaq ki, "Qış bulvarı" salınan ərazidə söküntü işləri 3 ildən çox davam etmişdi. Füzuli, Mirzağa Əliyev və bu küçələri kəsən küçələrdə söküntülərin hansı qanun pozuntuları ilə müşayiət olunduğunu bilməyən yoxdur. Hətta Abutalıbovun həmin "söküntü bumu"nun əks-sədası ölkə sərhədlərini də aşmış, dünyanın bir çox nüfuzlu KİV-ləri və insan haqları təşkilatları söküntülər zamanı çoxu qanunsuzluqlara - vətəndaşların mülkiyyət hüquqlarının tapdanmasına, korrupsiya hallarına görə öz narahatlıqlarını bildirmiş, bu barədə gen-bol bəhs etmişdilər.
Yada salaq ki, ərazinin bir hissəsi Bakıda yəhudi məhəlləsi kimi tanınırdı. Qədim bakılıların "cuhudlar məhəlləsi" adını verdiyi məhəllədə yaşayanlar bu söküntüdən qazancla çıxan yeganə təbəqə oldu. 2009-cu ildə kütləvi söküntülər başlamadan Bakı şəhər İH yəhudiləri mənzillərinin hər kvadratmetrinə 4500-5000 manat ödənməklə ərazidən köçürdü. Yəhudilər köçürüləndən sonra isə Nazirlər Kabineti mənzillərin hər kvadratmetrinə standart qiymət tətbiq etdi - 1500 manat. Yəni yəhudilərə ödənən məbləğdən düz 3 dəfə az. Beləcə, "Qış bulvarı"nın yerində yaşayanlarla hökumətin uzunmüddətli mübahisələrinin əsası qoyuldu. Hacıbala Abutalıbovun rəhbərlik etdiyi idarədən şikayətçi olanların xeyli hissəsi ədaləti Avropa İnsan Haqları Məhkəməsində axtarmaq məcburiyyətində qaldı.
İndi analoji ssenarinin Yasamal rayonu ərazisindəki 10 min evin sökülməsi ilə bağlı baş verməyəcəyini haradan bilmək olar?
Bu sualın cavabı açıq qalsa da, indidən Hacıbala müəllim və onun rəhbərlik etdiyi BŞİH-ə bir neçə cümləlik xatırlatma etməyi doğru sayırıq: bir halda ki, 10 min ev söküləcək və onların yerində səliqə-sahman, abadlıq yaradılacaq, buna heç kimin etirazı yoxdur, yalnız unutmamaq lazımdır ki, bütün hallarda mülkiyyətçinin hüquqları öndədir.
Ərazinin abadlaşdırılması dövlət ehtiyacı hesab edilmir. Belədə mülkiyyətçinin istəyi əsas götürülməlidir, qanunla bu, belədir. Abadlaşdırma istəyi mülkiyyət hüququndan üstün deyil. Mülkiyyətçi köhnə evindən köçmək istəmirsə, heç kəs onu məcbur edə bilməz. Konstitusiyamızın 29-cu maddəsi vətəndaşın mülkiyyət hüququnun qorunduğunu deyir. Şəxsin mülkiyyət hüququ Avropa Məhkəməsinin 1 saylı protokolunun 1-ci maddəsində də qeyd olunur. Bu, Avropa Məhkəməsinin ən həssas yanaşdığı bir məsələdir və həmişə də mülkiyyətçinin xeyrinə həll olunur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53