Rusiya-Ukrayna qarşıdurması mümkündürmü?
14:14 28-02-2014
CƏMİYYƏT
Rusiya-Ukrayna qarşıdurması mümkündürmü?
Rus hərbi gəmiləri Krıma doğru üzür
Ukraynada Avromaydan hərəkatı başlandıqdan sonra ekspertlər dəfələrlə bildirmişdilər ki, Rusiya Ukrayna kimi mühüm önəmə malik bir dövləti öz orbitindən asanlıqla buraxmaq reallığı ilə barışmayacaq.
Bu proqnozlar doğrulmaqdadır. Rusiyanın rəsmi Kiyevə təzyiq vasitəsi kimi Şərqi Ukraynaya olan ümidləri puça çıxdıqdan sonra ortalığa Krım kartı atıldı və gələn xəbərlər yaxın günlərdə bu yarmadada ciddi olayların yaşanacağından xəbər verir.
Belə ki fevralın 27-də Ukraynada Krım Parlamenti və Nazirlər Şurasının binası fərqləndirici nişanları olmayan uniformalı silahlı şəxslər tərəfindən ələ keçirilib. Bu barədə qeyri-rəsmi Krım-Tatar Parlamenti sayılan Məclisin rəhbəri Refat Çubarov "Facebook" səhifəsində bildirib ki, silahlılar hələlik heç bir tələb irəli sürməyiblər. "BSNews" isə Krım Nazirlər Şurasının binası üzərində Rusiya bayrağının qaldırıldığını xəbər verir. "Jurnalist Araşdırmaları Mərkəzi" Rusiya bayrağının Krım parlamenti üzərində də qaldırıldığını bildirir. Mənbə qeyd edir ki, hökumət binasını ələ keçirərkən, uniformalılar postdakı milisləri tərksilah ediblər.
Dünən gələn məlumatlar içində diqqəti xüsusilə çəkəni bu idi ki, Rusiyanın Baltik donanmasına məxsus desant gəmisi Bosfor boğazını keçərək Qara dənizə üzür. Bunun ardınca "Minsk" adlı ikinci desant gəmisi də eyni istiqamətdə hərəkətə başlayıb. "Minsk" desant gəmisi Rusiya Dəniz Qüvvələrinə məxsus 71-ci briqadaya aiddir. Desant gəmilərinin Krım yarımadasına tərəf üzdüyü deyilir.
Birləşmiş Ştatlar, Avropa Birliyi və NATO Ukraynanın ərazi bütövlüyünün pozulmayacağına tam əmin olduqlarını və buna dəstək verdiklərini bildirsələr də, göründüyü kimi, artıq Ukrayna dövlətinin bütövlüyü Rusiya tərəfindən real şəkildə təhdid edilir.
Ukraynanın bütövlüyünü qoruyub saxlamaq mümkün olacaqmı?
Tanınmış politoloq Qabil Hüseynli "Unkal"a verdiyi açıqlamada bildirdi ki, "Rusiya hələ də düşünür ki, dünyanı cəngəlliklər qanunu ilə idarə etmək mümkündür. Yəni qolun zorludursa, silahın çoxdursa, hər kəsə təhdid göstərib onu özünə tabe elətdirə bilərsən. Bu zaman çoxdan keçib gedib. Rusiyanın Ukrayna və xüsusən də Krımla bağlı bütün gərdişlərinə, götür-qoylarına baxmayaraq, sivil dünya, o cümlədən Azərbaycan Ukrayna xalqını salamlayır və dəstəkləyir. Ukrayna özünün ərazi bütövlüyünü qoruyub saxlayacaq".
Politoloqun sözlərinə görə, "Ukrayna Krımdakı gərginliyi həll edə biləcək. Bunun üçün Krıma geniş muxtariyyat hüquqlarının verilməsi kifayətdir. Rusiyanın Krım ətrafına desant gəmiləri göndərməsi və Ukrayna sərhədi yaxınlığında hərbi manevrlərə başlamasına gəlincə isə, Rusiya Ukrayna ilə hərbi qarşıdurmaya getməyə cürət etməz. Çünki bütün Qərb dünyası bu gün Ukraynaya ən ciddi şəkildə dəstək verir. Əgər Rusiya prezidenti Putin və rus generalları Ukraynaya qarşı hərbi avantüraya meyllənsələr, bu addım Rusiyanın özünün dağılması ilə nəticələnə bilər".
Millət vəkili Asim Mollazadənin "Unikal"a söylədiyinə görə, "Rusiya bu gün Krımda eynilə Dağlıq Qarabağ ssenarisini gerçəkləşdirmək istəyir. Bəli, unutmayaq ki, Rusiyanın belə münaqişələr yaratmaq sahəsində xüsusi bir tərcrübəsi var. Buna görə də dünya birliyi Ukraynanı bu potensial münaqişədən xilas etmək üçün maksimum səviyyədə real səylər göstərməlidir".
Millət vəkilinin sözlərinə görə, "İndiki vəziyyətdə Ukraynanın yeni hökuməti hələ ki tam şəkildə formalaşmayıb və bu amil situasiyanı daha da ağırlaşdırır. Ukraynanın dövlətçiliyi üzərində ciddi təhlükə dolaşmaqdadır. Hər halda dünya birliyi bu dəfə əyani şəkildə görəcək ki, Dağlıq Qarabağ ssenarisinin müəllifi olan Rusiya bu istiqamətdə daha nələrə qadirdir".
Mollazadə hesab edir ki, Yanukoviç rejiminin devrilməsindən sonra Ukrayna dövlətini ciddi sınaqlar gözləyir və bunu əvvəlcədən də proqnozlaşdırmaq mümkün idi: "Bununla belə, ümid edək ki, dünya birliyi və xüsusən də Avropa Birliyi ilə Birləşmiş Ştatlar Ukraynanı Rusiyanın qarşısında tək qoymayacaq".
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49