Aydın Bəşirova daha bir zərbə
14:16 28-02-2014
CƏMİYYƏT
Aydın Bəşirova daha bir zərbə
Sabiq "CASPAR" rəisinin əli hər yerdən çıxır
Fevralın 27-də Milli Olimpiya Komitəsinin konfrans zalında Azərbaycan Yelkən İdmanı Federasiyası (AYİF) və Azərbaycan Stolüstü Tennis Federasiyasında (ASTF) prezident seçkisi keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, AYİF Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanova, ASTF isə iqtisadi inkişaf naziri Şahin Mustafayevə həvalə olunub.
Qeyd edək ki, əvvəllər bu federasiyalara müvafiq olaraq, Aydın Bəşirov və İsmət Abbasov rəhbərlik edib. İ. Abbasov hazırda baş nazirin müavinidir. A. Bəşirov isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi olub.
İsmət Abbasovun Stolüstü Tennis Federasiyasından kənarlaşdırılması başa düşüləndir. Hazırda Azərbaycanda idman federasiyalarına ayrı-ayrı nazirlər rəhbərlik edirlər, baş nazir müavinləri arasında həm də hansısa federasiya prezidenti olan şəxs yoxdur.
Aydın Bəşirovun Yelkən İdmanı Federasiyasından uzaqlaşdırılması isə keçmiş "CASPAR" şefinə zərbə kimi qiymətləndirilə bilər. Belə görünür, Bəşirovun hakimiyyətlə əlaqələrinin hamısı kəsilir və o tamamilə "ofsayd" durumuna salınır.
Xatırladaq ki, bu ilki prezident seçkilərindən təxminən iki həftə sonra Aydın Bəşirov vəzifəsi ilə vidalaşmalı olub. Belə ki, oktyabrın 22-də prezident Xəzər Dəniz Gəmiçiliyi ilə Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yaradılması haqqında sərəncam imzalayıb. Prezidentin növbəti sərəncamı ilə Rauf Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilib. Beləliklə, uzun müddət "CASPAR" kimi tanınan gəmiçilik qurumuna rəhbərlik etmiş Aydın Bəşirov vəzifəsiz qalıb.
Bunun ardınca Bəşirovun "CASPAR"dakı vəzifəli qohumları da "vurulub". Hətta keçmiş "gəmiçilik şefi"nin özünün həbs edilmə ehtimalı da gündəmə gəlmiş və məhz bu səbəbdən o, ölkəni tərk edərək uzun müddət xaricdə məskunlaşdı.
Hazırda da Bəşirovun ölkədə olmadığı və Türkiyədəki biznesinin başında dayandığı deyilir.
Sabiq "CASPAR" rəisi Azərbaycana dönməyə hələlik isti yanaşmır. Bu, onun Xəzər Dəniz Gəmiçiliyinə rəhbərlik etdiyi dövrün təftişinin davam etdirilməsi ilə izah olunur. Bəşirov yoxlamalar sonucunda ortaya çıxa biləcək korrupsiya faktlarının onun həbs ehtimalını reallığa çevirə biləcəyindən narahatdır.
İndi "CASPAR"ın keçmiş rəhbərinin prezidenti olduğu idman federasiyasından uzaqlaşdırılması hələ də Bəşirovun başı üzərində "təhlükə buludlarının" qaldığını deməyə əsas verir.
Azər Araz
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:37:56
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16