Dünyanın 100 ölkəsi Ukraynaya sahib çıxdı
14:58 30-03-2014
İQTİSADİYYAT
Dünyanın 100 ölkəsi Ukraynaya sahib çıxdı
Rusiyaya ağır zərbə: BMT Baş Assambleyası Krımdakı referendumun nəticələrini tanımadı
BMT Baş Assambleyasının səs çoxluğu ilə bu gün qəbul etdiyi qətnaməyə əsasən, Krımda keçirilmiş referendum qanunsuz hesab olunub. Qətnamənin qəbul olunmasına Azərbaycan da daxil olmaqla 100 ölkə lehinə, Ermənistan da daxil olmaqla 11 ölkə isə əleyhinə səs verib. Özbəkistan və Qazaxıstan da daxil olmaqla 58 ölkə bitərəf qalıb.
"RİA Novosti"nin verdiyi xəbərə görə, qətnaməyə əsasən, Baş Assambleya vurğulayır ki, Krım Muxtar Respublikasında və Sevastopolda 16 mart 2014-cü il tarixində keçirilmiş referendumun qanuni qüvvəsi olmadan Krım Muxtar Respublikasının və ya Sevastopol şəhərinin statusunun dəyişdirilməsinə əsas ola bilməz.
BMT Baş Assambleyası bütün dövlətləri, beynəlxalq təşkilatları və xüsusiləşdirilmiş qurumları Krım və Sevastopolun statusunun dəyişdirilməsini tanımamağa çağırıb və istənilən status dəyişikliyinin tanınması kimi qələmə veriləcək hər-hansı addımlardan çəkinməyə çağırıb.
Qətnaməyə əsasən, Baş Assambleya Ukraynanın beynəlxalq səviyyədə tanınmış suverenliyi, siyasi müstəqilliyi, vahidliyi və ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib.
Aleksandr Turçinov:
"Ukrayna sivil dünyaya verdiyi dəstəyə
görə təşəkkür edir"
Ukrayna bütün sivil dünyaya ölkənin ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edir. Bunu Ali Radanın plenar iclasında Ali Radanın sədri, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov bəyan edib.
O qeyd edib ki, BMT Baş Assambleyasında qəbul olunan qətnamə Ukrayna üçün çox vacibdir.
Rusiyanın təcavüzünü pisləyən A.Turçinov bildirib ki, dünyanın bir çox ölkələri BMT Baş Assambleyasında Ukraynaya tam dəstəyini ifadə edib: "Bütün sivil dünyanın dəstəyi və BMT-nin bu qərarı ölkəmiz üçün əhəmiyyətlidir".
Rusiya XİN:
"BMT Baş
Assambleyasının
Ukrayna ilə bağlı
qətnaməsi faydasızdır"
Rusiya Xarici İşlər Nazirliyi isə BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnaməsini faydasız tədbir adlandırıb və beynəlxalq ictimaiyyəti bu ölkədəki vəziyyəti sabitləşdirməyə çağırıb. Bu barədə Rusiya XİN-in bəyanatında deyilir.
"Baş Assambleyanın Ukrayna qətnaməsi ilə bağlı təşəbbüsü Ukraynadakı böhranın həllinə yardımı yalnız çətinləşdirəcək. Beynəlxalq ictimaiyyətin müstəqil düşünən üzvlərini bu ölkədəki vəziyyətin sabitləşdirilməsi üçün real təsir göstərməyə və Krım əhalisinin iradəsinin sərbəst ifadəsinin nəticələrinə hörmətlə yanaşmağa çağırırıq. Bunu inkar etmək mənasızdır", - deyə bəyanatda vurğulanıb.
Rusiya Ukrayna sərhədi yaxınlığında hərbi
uçuşları aktivləşdirdi
Dünən isə məlum olub ki, Rusiya Ukrayna ilə sərhəd yaxınlığında hərbi təyyarələrin uçuşlarını aktivləşdirib.
Martın ortalarından Ukrayna sərhədləri yaxınlığında birdən-birə Rusiya Hərbi Hava Qüvvələrinin fəaliyyəti aktivləşib. Məlumata görə, ən azı 5 təyyarə uçuşa cəlb olunub.
İl-76, An-72, An-76 təyyarələrindən başqa müşahidəçilər Ukrayna sərhədləri yaxınlığında nəhəng An-22 "Antey" təyyarələrinin uçuşlarını da qeydə alıb.
Rostovda mütəxəssislər tərəfindən köhnə Rusiya təyyarələrindən olan İl-18 təyyarələrinin göyərtəsindən köhnə RA-75516 transportyorunun düşürülməsi də qeydə alınıb. Bu transportyorlar hökumətin xüsusi tapşırıqlarını yerinə yetirir.
Ukraynalılar Rusiya
ərazisində partizan
müharibəsinə hazırlaşır
"Moskva ətrafında saxlanılan Ukrayna vətəndaşı partizan müharibəsinin iştirakçısı ola bilər". Bu sözləri Rusiya Federasiyasının baş prokuroru yanında keçirilən operativ müşavirədə Rusiya prezidentinin Mərkəzi Federal Dairə üzrə nümayəndəsinin köməkçisi Nikolay Ovsiyenko söyləyib.
"Partizan müharibəsinin Rusiya Federasiyası ərazisinə keçirilməsi ilə bağlı birbaşa təhlükə var. Ortaya belə bir sual çıxır ki, biz hadisələrin bu cür inkişafına hazırıqmı?" - N.Ovsiyenko deyib. O, Rusiyaya gəlmiş Ukrayna vətəndaşının bir neçə gün əvvəl Moskva ərazisində saxlanıldığını, ondan çoxlu miqdarda döyüş sursatları və partlayıcı maddələrin götürüldüyünü xatırladıb.
N.Ovsiyenko Ukrayna vətəndaşı ilə bağlı cinayət işinin açıldığını bildirib. O, əlavə edib ki, ötən il ekstremist istiqamətli cinayətlərin sayı əvvəlki illə müqayisədə 20 faiz çoxalıb.
"Ukraynada hadisələrin inkişafı xüsusi narahatlığa səbəb olur", - Rusiya prezidentinin Mərkəzi Federal Dairə üzrə nümayəndəsinin köməkçisi vurğulayıb.
Baş keşiş əhalini Rusiya ilə savaşa çağırdı
Ukrayna pravoslav kilsəsinin Kiyev Patriarxlığının baş keşişi Filaret Rusiya ilə müharibə təhlükəsi qarşısında ukraynalıları birliyə və qarşılıqlı hörmətə çağırıb.
Onun bu cür çıxış etməsinə səbəb rus hərbi qoşunlarının Ukraynanın şərq vilayətlərinə hücuma hazırlaşmasıdır: "Rusiya təkcə Krımı özünə birləşdirmədi, hazırda ölkəmizə qarşı yeni hərbi aqressiyaya hazırlaşdığı xəbərləri yayılır. Onlar ölkəmizlə həmsərhəd olan Bryansk vilayətində, cənubda Rostov vilayətində, həmçinin Krım və Dnestryanı separatçı qurumlarda iri hərbi qoşun dəstələri cəmləşdirməkdədir. Düşmən Rusiya müharibə elan etmədən torpaqlarımızı zəbt edib, proses davam edir. Ancaq indi hamımızdan çox şey asılıdır - ya biz onların təcavüzkar hərəkətinin qarşısını almalıyıq, ya da düşmən torpaqlarımızı istila edəcək".
Filaretin sözlərinə görə, düşmənin hərəkətlərinin qarşısını yalnız xalqın birliyi ala bilər və bunun üçün millətin ruhi gücünü sərgiləmək lazımdır.
Bundan başqa, Filaret həmçinin Rusiyaya və onun rəhbərliyinə də səslənib: "Silahlı-silahsız, hərbi formada, yaxud mülki geyimdə, fərq etməz - torpaqlarımızı zəbt etməyə qalxarsınızsa, töküləcək qanın məsuliyyəti rüsvayçılıqla sizin üzərinizə düşəcək, necə ki, günahsız Habilin qanı qardaşı Qabilin üzərində qalmışdı".
Ukraynanın devrilmiş
prezidenti partiyasını da meydanda tək qoydu
Bu arada Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç Ukrayna xalqına müraciət edərək ölkənin tərkibindəki hər bir regionun statusu haqqında referendum keçirməyə çağırıb.
Yanukoviç Ukrayna xalqına müraciətində deyib: bildirib: "Qəlbən sizinlə olan prezident kimi Ukraynanın hər bir sağlam düşüncəli vətəndaşını fırıldaqçıların sizdən istifadə etməsinə imkan verməməyə çağırıram. Ukraynanın tərkibindəki hər bir regionun statusunun müəyyənləşdirilməsi haqqında referendum keçirilməsini tələb edin".
Onun sözlərinə görə, təcili növbədənkənar seçkilər deyil, yalnız ümumukrayna referendumu siyasi vəziyyəti xeyli sabitləşdirə və Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qoruya bilər.
Bundan başqa, V.Yanukoviç Regionlar Partiyasının qurultayına müraciət edərək onu partiyanın fəxri sədri səlahiyyətindən və üzvlüyündən azad etməyi xahiş edib.
Obama Putinə
niyə uduzur?
"ABŞ prezidentinin amerikalılar arasında nüfuzunun düşməsi və Rusiya prezidenti Vladimir Putinin əksinə reytinqinin artması Obamanın yumşaq siyasəti ilə bağlıdır". Bu barədə danışan politoloq Fikrət Sadığovun fikrincə bu, daxildə gedən siyasi proseslərin birbaşa nəticələridir: "Putinin reytinqi ona görə yüksəlib ki, o Rusiyada olan mühiti öz addımları ilə əks etdirir. Faktiki olaraq Krımla bağlı addımlar tam mənada müxtəlif siyasi-maliyyə dairələri və Rusiya vətəndaşları tərəfindən dəstəklənir. Ruslarda millətçilik hissi yüksəkdir və buna görə onlar Putinə səs verir, onu dəstəkləyirlər. Amerikalılar isə ruslardan fərqli olaraq ABŞ prezidenti Barak Obamanın son hadisələrlə bağlı addımlarını dəstəkləmirlər. Ona görə ki, amerikalılar hesab edirlər ki, Obama Rusiyanın addımlarına qarşı çox zəif reaksiya verib. ABŞ vətəndaşları hesab edirlər ki, prezident vəziyyəti daha ciddi şəkildə qəbul etməli və radikal addımlar atmalı idi. Obamanın Putinə uduzmağında bir neçə səbəb var. Əvvəla demokratik partiyalarının nümayəndələri müxtəlif regionlarda baş verən siyasi proseslərə yumşaq reaksiya verirlər. Bu yumşaqlıq isə sonda bu cür reytinqin azalmasına gətirib çıxarır.
Politoloq hesab edir ki, ABŞ-ın Rusiyaya qarşı sərt addımları sonda mənfi əks-səda verə bilər: "ABŞ və Avropanın iqtisadi-siyasi maraqlarına zidd ola bilər. Ona görə də Obama çox təmkinli davranır və başa düşür ki, qaz və neft mənbəyi olan Rusiyaya qarşı sərt addımlar atılsa bu qərbin maraqlarına mənfi təsir edəcək".
Hər şeyin tam aydın olduğunu deyən politoloq Rasim Ağayev isə Obamanın bir siyasi xadim kimi son proseslər tutarlı cavab verməyə qadir olmadığını düşünür: "Kim Obamanın mətbuat konfransını izləsə, orada onun duruşundan, gəlişindən, danışığından görünürdü ki, o ümumiyyətlə yaranmış vəziyyəti əsaslandıra bilmir. Yəni ki, bir siyasi xadim kimi bu vəziyyətə tutarlı cavab verməyə qadir deyil. Bu böyük siyasi oyun idi və ABŞ bu oyunun başında durmuşdu. Oyunun da məqsədi ondan ibarət idi ki, Ukraynanı ayağa qaldıraraq Rusiyanı parçalansınlar, bunun da nəticəsində Rusiyanın geopolitik ərazində yenidən sərhədlər müəyyənləşsin. Sonda isə bu region Qərbin nəzarəti altına keçsin. Putin ya gözləməli idi ki, bu vəziyyət nə ilə yekunlaşacaq, ya da bunu qarşısını almalı idi. O, çox böyük riskə getdi və bu oyunun qarşısını çox məharətlə aldı. Putin dövlət xadimi kimi iradəli tərpəndi və nəticədə Krım da Rusiyanın tərkibinə keçdi. Nəticədə də Putinin təbii olaraq reytinqi yüksəlir".
Politoloq Rusiya və ABŞ-ı qarşıda çətin sınaqlar gözlədiyini söyləyir. O bildirir ki, bu siyasi proses Qərb ölkələrinə də təsir edəcək: "İndi Rusiyanı qarşıda çətin imtahanlar gözləyir. Putinin bu siyasi gedişi Rusiyaya çox çətin vəziyyətlər yaradacaq. Obamanı da bu cür vəziyyət gözləyir. Çünki Qərb sıralarında olan ölkələr arasında vahidlik yoxdur. Gələcək siyasi proseslər qərbin də qarşısında ciddi probler yaradacaq. Həm iqtisadi, həm də siyasi problerlə üzləşmək istəməyən Qərb və ABŞ-ın maliyyə vəziyyəti hazırda çox ağırdı. Hətta AB Ukraynanın Birliyə qəbuluna hazır olmadığını açıqlayıb".
Vətəndaşların hər zaman rəhbərlərindən konkret hərəkət və radikal dəyişiklik gözlədiyini söyləyən politoloq Tofiq Abbasov isə Rusiyanın artıq maraqlarını qorumağa qadir bir dövlət olduğunu deyir: "Rusiya prezidenti Putin tək öz ritorikası ilə deyil, həm də öz hərəkətləri ilə göstərdi ki, Rusiyanın da bu dünyada özünün maraqları var. O maraqların qorunmasında və oturuşmasında Rusiya hətta qeyri-adi addımları da ata bilər. SSRİ dağıldıqdan sonra belə Rusiyanın xarici siyasəti elə də uğurlu qurulmamışdı. Hətta Yelçinin 10 illik prezidentlik müddətində Rusiyanın xarici siyasəti qeyri-müəyyən idi. Putin gələndən sonra isə bu vəziyyətə dəyişiklik etmək istədi. Artıq biz bunu təzahürünü görürük. İstənilən zaman rəsmi Moskva öz mövqeyini ortaya qoya bilir və onun arxasında dura bilir. Qüvvələr nisbətinin dəyişməsi nəticəsində görürük ki, Putinin nüfuzu artmaqda davam edir. Əsasən əzilmiş müsəlman xalqları Rusiyanın dirçəlməsinə böyük ümid bəsləyirlər. Tək qütblü dünyanın iki qütblü dünyaya çevrilməsi əzilmiş xalqların, zəif ölkələrin marağına xidmət edir".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53