Türkiyəni və dünyanı şoka salan gizli səs yazısı Qardaş ölkədə ara yenidən qarışdı

Türkiyəni və dünyanı şoka salan gizli səs yazısı
Qardaş ölkədə ara yenidən qarışdı

Türkiyədə bələdiyyə seçkilərinə bir neçə gün qalmış internetdə yayılan səs yazısı qardaş ölkəni və dünyanı şoka salıb. Həmin səs yazısı rəsmi Ankaranı beynəlxalq arenada çətin vəziyyətə sala bilər.

"YouTube"də yayılan həmin səs yazısında Suriya ilə müharibə barədə danışılır. Səs qeydinin xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyənin Milli İstixbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) baş müşaviri Feridun Sinirlioğlu və Türkiyə Baş Qərargahının ikinci rəisi, ordu generalı Yaşar Gülərə aid olduğu iddia olunur.
Səs yazısında Suriyaya müdaxilə ssenarisi ətrafında danışılır. Orada xarici işlər naziri Ə.Davutoğlu baş nazir Rəcəb Təyyib Ərdoğanın Süleyman Şah Türbəsini imkan olaraq qiymətləndirilməsinin lazım olduğunu söyləyir. Adı çəkilən şəxslər lazım gələrsə, seçki öncəsi Suriya ilə müharibəyə başlaya biləcəyi barədə danışır.
MİT rəhbəri H.Fidana aid olduğu iddia olunan səs isə "Lazım gələrsə, Suriyaya dörd adam göndərərəm. Türkiyəyə 8 raket atdıraraq müharibə üçün səbəb hazırlayaram, Süleyman Şah Türbəsinə də hücum etdirərik" deyir.
Xarici İşlər Nazirliyinin məsləhətçisi F.Sinirlioğluya olduğu iddia edilən şəxsin "Milli təhlükəsizliyimiz son dərəcə ucuz bir daxili siyasət aləti halına gəldi" dediyi eşidilir.

Türkiyədə "YouTube" də
yasaqlandı

Türkiyədə məşhur "YouTube" video servisinə birbaşa giriş bağlanıb. Buna səbəb kimi isə qeyd olunan video portalda təhlükəsizlik məsələləri ilə bağlı Suriyadakı vəziyyətlə bağlı keçirilmiş və yuxarıda haqqında danışdığımız məxfi iclasın görüntülərinin yayımlanması göstərilir.
Belə ki, bir müddət əvvəl Suriya qırıcı təyyarəsinin Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulması və Suriya ərazisində yerləşən Süleyman Şahın məqbərəsi ətrafında yaranmış vəziyyətlə bağlı keçirilmiş qeyd olunan iclasda Türkiyə XİN rəhbəri, Milli Kəşfiyyat rəisi və Baş Qərargahın nümayəndələri iştirak edib.
Baş Prokurorluq tərəfindən başlanmış istintaq qanunsuz və casusluq fəaliyyəti ittihamı üzrə aparılır. Türkiyə XİN-in açıqlamasında bildirilir ki, yayımlanmış materiallar, ilk növbədə, milli təhlükəsizlik nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malikdir, onların "YouTube"də dərc olunması isə Türkiyənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. "Bu casusluq fəaliyyətidir və çox ağır bir cinayətdir. Bu insident bizim dövlətin üzləşdiyi kiber hücum təhlükəsinin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Bunu edən cinayətkar şəbəkələr bizim dövlətin və xalqın düşmənləridir", deyə XİN bəyanatında bildirilir.
Qeyd edək ki, Türkiyənin Rabitə və Telekommunikasiya İdarəsi martın 27-də internetin milli seqmentindən məşhur "YouTube" video servisinə birbaşa girişinin bağlanmasına qərar verib.
Qurumun rəsmi saytında, YouTube.com resursunun statusunun yoxlanılması bölməsində video servisə girişin bağlanıldığı qeyd olunub.
"Hurriyet Daily" qeyd edir ki, Türkiyənin güc strukturlarının yüksək rütbəli nümayəndələrinin görüşü əks olunan videoyazı "YouTube"də dərc edildikdən bir neçə saat sonra Telekommunikasiya İdarəsi (TIB) qeyd olunan video servisə girişi bağlayıb.

Ərdoğan: "Alçaqlıq,
namussuzluq, əxlaqsızlıq!"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan martın 30-da ölkədə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq kampaniyası çərçivəsində Diyarbəkir şəhərində təşkil edilmiş mitinqdə çıxış edərkən məlum səs yazısının yayılması ilə bağlı dolayısıyla Fətulla Güləni və onun adamlarını suçlayıb: "Pensilvaniya xəyanət içindədir. Baxın, YouTuba-a yenə bir yazı yerləşdirdilər. Xarici İşlər Nazirliyində milli təhlükəsizliyimizlə bağlı, Suriyadakı Süleyman Şah türbəsi ilə bağlı müzakirələr aparılır, bəzi qüvvələr də həmin müzakirələrin səs yazısını YouTube-da yayırlar. Bu əxlaqsızlıq, şərəfsizlik, namussuzluq, alçaqlıqdır. Bunların axırına çıxacağıq! Sən işə bax: bu qədər önəmli müzakirəni gizlicə dinlətdirib, sonra da yayıb sən kimlərə xidmət edirsən?!"
Türkiyənin XİN başçısı Ahmet Davutoğlu da çox sərt danışıb: "Bu ölkənin baş nazirinin, nazirlərinin, MİT rəhbərinin telefonlarını, müzakirələrini gizlicə dinləyənlər duysun! Bu millətin inkişafını, müstəqilliyini, təhlükəsizliyini kimsəyə qurban verməyəcəyik! Bu səs yazısı ilə bağlı hər hansı şərh vermək istəmirəm. Səs yazısında montaj var. Amma aşkar kiberhücumdur. Dövlətimizə, əziz millətimizə qarşı hücumdur. Daha əvvəl də Türkiyədən Suriyaya gedən ağır tonnajlı yük maşınlarına hücumlar oldu. Bütün bunlar Türkiyəyə savaş elanıdır. Bu hücumu edənlər, savaşı edənlər Türkiyənin Suriyadakı ərazisi olan Süleyman Şah türbəsinin mühafizəsinin təminatına yönəlmiş fəaiyyətimizə mane olmaq istəyirlər. Aşkar casusluq formasında olan bu işləri görənlər, bizə savaş elan edənlər ən ağır şəkildə cəzalandırılacaqlar".
MİT səs yazısının yayılmasını "milli təhlükəsizliyiə ən yüksək səviyyədə təhdid" kimi dəyərləndirərək, araşdırmalara başladığını vurğulayıb. XİN-dəki qapalı müzakirənin dinlənilməsini təşkil edənlərin müəyyənləşdirilməsi üçün xüsusi qrup yaradılıb.

Kılıçdaroğludan Ərdoğana ağır suçlamalar!

Türkiyə müxalifətinin lideri Kamal Kılıçdaroğlu da Youtube video-portalına girişin bağlanmasına səbəb olan səs yazısı ilə bağlı münasibət bildirib.
Kamal Kılıçdaroğlu internetə düşən səs yazısı ilə əlaqədar baş nazir Rəcəb Tayyib Ərdoğanı Türkiyənin Suriya ilə müharibəyə sürükləməkdə ittiham edib. O, qardaşın qardaşı öldürdüyü Suriyaya Türkiyədən silah göndərilməsini pislədiyini deyib: "Baxın, 12 ildir ölkəni idarə edirlər, amma hələ də "paralel hökumət bunu etdi, onu etdi" deyirlər. Qardaşım, sən baş nazir deyilsənmi? Bu gün səs yazıları yayılıb. Suriya bizim qonşumuzdur, İraq bizim qonşumuzdur, İran bizim qonşumuzdur. Bu ölkələrlə çox yaxşı əlaqələrimiz var idi. Sakit yaşayırdıq. İndi Suriyada qardaş qardaşı öldürür. Türkiyədən silah göndərirlər, Qətərdən pul gətirib göndərirlər".
Kamal Kılıçdaroğlu Türkiyə hökumətini Suriya ilə müharibəyə başlamaq üçün bir yol axtarmaqda da ittiham edib.

Ədalət və İnkişaf
Partiyasını nə gözləyir?

Türkiyədə martın 30-da keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində əsas suallardan biri hakim Ədalət və İnkişaf Partiyasının nə qədər səs yığacağıdır. Bəzi ekspertlər hakim partiyanın nüfuzdan düşdüyünü deyir, səs itkisinə uğrayacağını proqnozlaşdırır.
Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldiyi 2002-ci ilin parlament seçkisində 34.29% səs yığıb və ondan sonrakı bütün seçkilərdə səs faizini daim artırıb, bələdiyyə seçkilərində isə bir qədər azalma olub:
2004-cü ilin bələdiyyə seçkiləri: böyük şəhər bələdiyyə başqanlıqları - 75%, bələdiyyə başqanlıqları - 54.81%, bələdiyyələrə məclis üzvlüyü - 48.26%;
2007-ci ilin parlament seçkisi - 46.58%;
2009-cu ilin bələdiyyə seçkiləri: böyük şəhər bələdiyyə başqanlıqları - 62.50%, bələdiyyə başqanlıqları - 49.67%, bələdiyyələrə məclis üzvlüyü - 45,48%
2011-ci ilin parlament seçkisi - 49,91%.
Bu dəfə necə olacaq? Martın 30-nu gözləyək...
Murad İbrahimli