Suriyada döyüşən azərbaycanlılar: bizi və onları nə gözləyir?
Suriyada döyüşən azərbaycanlılar: bizi və onları nə gözləyir?

İndi hamı onlardan danışır. Suriyada döyüşən, həlak olan, yaralanan Azərbaycan vətəndaşlarından. Onları ora aparan ideyamı, hansısa gücmü, bu bir yana, hazırda cəmiyyətdə onlarla bağlı narahatlıq, bəzən isə potensial təhlükə mənbəyi kimi danışılır.

Ümumiyyətlə, başqa ölkələrin ərazisində silahlı münaqişələrə qoşulan azərbaycanlı gənclərlə bağlı bu narahatlığın, hətta bəzi hallarda gözlənilən təhlükənin aradan qaldırılması üçün nələr edilir və edilməlidir?
Mediada yayılan məlumatlara görə, indiyə qədər Azərbaycandan Suriyaya döyüşməyə təxminən 1000 nəfər gedib, bunların 200-ə yaxını orada həlak olub. Bütün bunlar son bir neçə ayda baş verib.
İctimaiyyət arasında, ölkədən gedənlərin kənarda başqa təsirlər altında silahlı birləşməyə çevrilərək, öz vətəni üçün ciddi təhlükəyə çevriləcəyi barədə rəylər də artır.

Terrorun yeni
əlamətinə çevrilən dini
fəaliyyət hansıdır?

Yaranmış vəziyyət dövləti, daha dəqiqi, qanunverici orqanı hərəkətə gətirdi. Azərbaycan Milli Məclisi bununla bağlı nəinki Cinayət və Cinayət Prosessual məcəllələrinə, eyni zamanda "Terrorçuluğa qarşı mübarizə haqqında" qanun kimi ciddi sənədə dəyişiklik edərək yeni cəzalar tətbiq etməklə yanaşı, terror faktının əhatə dairəsini bu kimi faktlara qədər genişləndirdi.
Əvvəlcə ölkədə muzdlular yığma, onlara təlim keçmə, o cümlədən onlardan hərbi münaqişələrdə, hərbi əməliyyatlarda istifadə etmə ilə bağlı cəzaların, o cümlədən ölkə hüdudlarından kənarda təşkilatlanaraq silahlı münaqişələrdə iştirak etməyə görə yeni ciddi cəzaların tətbiq edildi.
Dəyişikliyə əsasən, muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etməyə görə cəzalar 8 ildən 12 ilə qədər olacaq (Hazırda 4 ildən 8 ilə qədərdir). Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə isə cəza 9 ildən 15 ilə qədər olacaq (Hazırda 8 ildən 15 ilə qədərdir). Maddəyə edilən digər dəyişikliyə görə, muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı 5 ildən 11 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq (Hazırda 3 ildən 8 ilə qədərdir).
Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirakla bağlı Cinayət Məcəlləsinə salınan yeni 283-1 maddədə isə deyilir ki, ölkə vətəndaşlarını və ya ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, belə qrupa rəhbərlik etmə faktı 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə, 12 ildən 15 ilədək cəza nəzərdə tutulur. Yuxarıda nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə isə 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Yeni maddədə göstərilən qeyddə bildirilir: "Yuxarıda nəzərdə tutulmuş əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etdikdə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir".
Bundan başqa, parlamentdə Azərbaycan qanunvericiliyinə terror anlayışının əhatə dairəsi genişləndirildi. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsindən "Terrorçuluğa qarşı mübarizə haqqında" qanuna bununla bağlı yeni əlavə və dəyişikliklər edildi.
Təklif edilən müddəalara əsasən terrorçuluğa açıq çağırışlar, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmək, aqressiv dini təriqətlərə qoşularaq silahlı qrup yaratmaq və ölkə daxilində, xaricində terrorçuluğu maliyyələşdirmək terror faktı kimi qiymətləndiriləcək. Cinayət Məcəlləsinin terrorçuluğa dair maddələri bu hallara da şamil olunaraq sərt cəzalar tətbiq ediləcək.

"Təriqətlərin
fəaliyyətinə nəzarət
çox zəifdir"

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas deputat Rafael Cəbrayılov bildirir ki, qanunun bu qədər sərtləşdirilməsindən əvvəl maarifləndirici təbliğata üstünlük verilməlidir. Deputat qeyd edir ki, gənclər arasında elə bir ideoloji iş aparılmalıdır ki, onlar kənar ideoloji təsirlərə meyl etməsinlər: "Necə ki, sovet dövründə komsomol kimi bir hərəkat vardı. Hərçənd o hansısa bir imperiyaya xidmət edən ideologiya idi, amma bütün hallarda mexanizm etibarı ilə özünü doğruldub. Bir də, indi normal insanlara, hətta savadlı dindarlara aydındır ki, təriqət uğrunda vuruşmaq dinin özünə belə zərərdir".
Deputat hesab edir ki, bütün bunlar ölkədə təriqətlərin fəaliyyətinə nəzarətin zəif olması ilə birbaşa bağlıdır.
R. Cəbrayılov qanunvericiliyə edilən dəyişikliklərə toxunaraq onu da bildirib ki, dövləti cinayətlər istisna olmaqla, digər cinayətlər üçün yeni tətbiq olunan cəzalar geriyə şamil olunmur: "Hətta onların ölkə daxilinə hansısa dəstələr yaratması və yaxud dəstələrə qoşulması barədə yaxın qohumlarının xəbəri olsa belə, o qohumlarda məsuliyyətə cəlb oluna bilməz. Çünki Konstitusiyaya görə, yaxın qohum anlayışı fərqlənir və onlar cinayətkar qohumunun əməli barədə məlumatlı olduqları təqdirdə ifadə verməmək hüququna malikdirlər. Lakin cinayətkarın qohumu yox, tanışı, dostu və ya onu tanıyan bu əməli bilib və ya görüb gizlədərsə, o zaman o da məsuliyyətə cəlb oluna bilər".
Həmsöhbətimiz deyir ki, ölkə hüdudlarından kənara, xüsusilə Suriyaya döyüşməyə gedənlər başqa ölkələrin ərazisindən keçirlər və bunun sübut olunması çətinlik yaradır: "Mən də bu sahədə müstəntiq olmuşam. Qanunun bunu araşdırmağa imkan verdiyi təqdirdə peşəkar müstəntiq üçün bu, o qədər də çətin deyil. Sadəcə bu işə peşəkar müstəntiqləri cəlb eləmək lazımdır".
"Biz bunlardan
özümüz üçün faydalana da bilərdik..."

Ekspert Azad İsazadə isə məsələyə daha fərqli, həm də maraqlı tərəfdən yanaşır: "Xüsusilə Suriya kimi bölgələrdə din adı ilə vuruşmağa gedənlərə qarşı nə mənfi, nə də müsbət mexanizmlə yanaşmaq lazım deyil: "İstənilən cəmiyyətin, xüsusilə də Qafqaz regionu kimi mühitdə yaşayan cəmiyyətlərin müəyyən bir təbəqəsi, necə deyərlər, heç vaxt dinc dayana bilmir. Bunlara müəyyən bir hərəkət lazımdır. Buradan cürbəcür qabiliyyətli insanlardan, o cümlədən də döyüş qabiliyyətli insanlardan söhbət gedir. Bir qismi bunu idmana yönəldir, bir qrupu, məsələn, alpinizmlə məşğul olur, bir qismi isə ümumiyyətlə, sırf hərbi döyüşə meyl edir. Bizim kimi cəmiyyətlərin hər birində belə sosial qrup var. Bu şəraitdən asılı olaraq böyüyə də bilər, azala da bilər. Mən deyərdim ki, sosial - psixoloji cəhətdən hərbi döyüşə meyl edən qruplar, özlərini guya hansısa ideyaya qurban vermək adıyla döyüşə hazır olan insanlar varsa, biz buna sevinməliyik. Sadəcə, problemin mahiyyəti budur ki, biz bunlardan istifadə edə bilmirik, faydalana bilmirik və bizim əvəzimizə digər qüvvələr istifadə edir. Bizim istifadə edə bilmədiyimiz bu qruplar da təbii olaraq Azərbaycanda özlərini yer görə bilmədikləri üçün asanlıqla o qüvvələrin təsirinə düşüb, döyüşmək üçün müxtəlif səbəblə istənilən yerə getməyə hazır olurlar. Gedib daha mükəmməl döyüş qabiliyyəti qazanırlar. Hələ biz bunu düşünmürük ki, onlar qayıdandan sonra peşəkar döyüş qabiliyyətli, amma beyinləri başqa ideya ilə dolu insanlar kimi ölkəmizə qarşı necə təhlükə ola bilərlər. İndi göründüyü kimi, biz bu qruplardan lap əvvəldən ciddiyə alaraq şərait yaradıb faydalana da, əhəmiyyət verməyib onları başlı başına buraxıb axırda bu cür təhlükəsini da yaşaya bilirik".
Ekspert deyir ki, bütün hallarda hazırkı şəraitə görə qeyd olunan bu sosial qruplar ölkədə böyüyür və yuxarıda qeyd elədiyi proses, təəssüf ki, onlardan istifadə üçün əvvəldən əhəmiyyət verilmədiyi üçün bizim əleyhimizə gedir: "Dövlət təcili bu yöndə iş aparmalı, bu qruplara erkən nəzarəti ələ alıb elə idarə etməlidir ki, bunun sonda gözlənilən dalğası bizi pis vurmasın. Hansı ki, bunu yuxarıda qeyd elədim. Onu da unutmayaq ki, birmənalı olaraq bu insanları qınayıb mənfi elementlər kimi davransaq, bunları özümüzdən ayrılıb üstümüzə qayıtmasını daha da sürətləndirəcəyik".
Bütün bunlara, hətta yuxarıda sadalanan qanundakı sərt dəyişikliyə baxmayaraq, xüsusilə Suriyada döyüşərək dünyasını dəyişənlərin sayı gün-gündən artır. Məsələn, təkcə bu yazının hazırlandığı ərəfədə Suriyada "İraq Şam Dövləti" silahlı qruplaşması ilə "Kürd YPG" qruplaşması arasında döyüşdə 25 nəfər öldürüldü ki, onlardan 12-nin azərbaycanlı olduğu bildirilir...
Belə...

Mübariz Aslanov