Azərbaycan nurçularının tam fiaskosu
Azərbaycan nurçularının tam fiaskosu

Milli Məclis nurçulara görə yeniləşəcək

Türkiyədə bələdiyyə seçkiləri sona çatdı. Gözlənildiyi kimi AKP yenə də qalib oldu. Amma əksəriyyət hesab edirdi ki, Fətullah Gülən tərəfdarları AKP əleyhinə çıxdıqlarından kifayət qədər problemlər olacaq. Bunu da xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri çox önəmli seçkilərdir və bələdiyyə seçkilərində, əsasən də İstanbul və Ankara bələdiyyəsində kimlər qalib olursa, deməli parlament seçkilərində də rahatlıqla qalibiyyətlərini təmin edəcəklər. Maraqlıdır bu qalibiyyətdən sonra Ərdoğan hakimiyyəti hansı addımlar atacaq və bunun Azərbaycandakı nurçulara təsiri necə olacaq?

Bunun üçün ilk növbədə baş nazirin açıqlamasına diqqət ayırmaq kifayətdir. Görünən isə budur ki, baş nazir indidən nurçulara və müxalifətə açıq savaş elan etdi. Məsələn son çıxışındakı bəzi tezislərə baxaq:-" Bu gün bu millət Türkiyəyə və dünyaya bir mesaj verdi. "Biz burdayıq, bu ölkənin sahibiyik, millət əyilməz, Türkiyə əyiləz" deyə bildi. Biz Türkiyə Cümhuriyyətini küçədən tapmadıq. Ona görə də bu ölkəni Pensilvaniyaya və onun burdakı xain uzantılarına təslim etmərik".Ərdoğan bildirib ki, o, Hizmət Hərəkatının üzvlərinin bəziləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: " Bəziləri ilə bağlı şəxsən özüm prokurorluğa müraciət etmişəm. Çünki sabahdan etibarən qaçanlar ola bilər. Mən əvvəldən də demişdim, hinlərinə girəcəyik. Onlar bu dövlətə etdiklərinin hesabını verib, bədəlini ödəyəcəklər. Bizim milli təhlükəsizliyimizi necə təhdid edərlər?"Ərdoğan "nurçular"ı "Haşhaşilər"ə bənzədib: "Suriya bu gün bizimlə müharibə vəziyyətindədir. Bu xainlər Suriya ilə bağlı danışıqları dinləyib dünyaya yayıblar. Bunlar bu hərəkətləri ilə Haşhaşilərə rəhmət oxutdurdular". Gördüyünüz kimi artıq Türkiyədə yeni bir dönəm başlayır və bu dönəmi nurçuların süqutu kimi qiymətləndirmək olar. Bəs Azərbaycandakı nurçuların taleyi necə olacaq?

Dövlət içindəki
nurçulara əlvida

Öncəliklə qeyd edək ki, Türkiyə höküməti üçün Azərbaycandakı nurçular çox təhlükəlidirlər. O səbəbdən ki, hər il Azərbaycan nurçuları Türkiyəyə on milyonlarla manat həcmində pul göndərir və Türkiyə iqtisadiyyatında çəkilərini artırırlar. Bu təhlükəni Ərdoğan hakimiyyəti yaxşı görür və bu səbəbdən Azərbaycan hakimiyyəti ilə məlum mövzu müzakirə olunur. Bu müzakirələrin məntiqi nəticəsi olaraq ilk növbədə Elnur Aslanov görəvindən alındı. Amma bununla proses müvəqqəti dayandırıldı. Seçkilərdə Ərdoğanın qalibiyyətindən sonra Azərbaycanda bir sıra ajiotajlı istefalarında baş verəcəyini gözləməyə dəyər. Çünki Elnur Aslanov aysberqin görünən tərəfi idisə, görünməyən tərəfində də yetərli qədər simalar var və bunlar istənilən halda postundan götürüləcək.

Azərbaycan
parlamentində
dəyişikliklər

Azərbaycanda nurçuların sıradan çıxması həm də parlamentdə baş verəcək. Bildirilir ki, hazırda parlamentdə 20-dən çox nurçu var. Düzdür bunların hazırda istefası mümkün deyil və bu parlamentin tam iflici olacaq. Amma bunun üçün başqa addımlar atılacaq ki, bunlarda aşağıdakılardr.
1. Türkiyə ilə siyasi əlaqələrinə embarqo qoyulacaq
2. Türkiyədə ki, bizneslərinə yasaq qoyulacaq
3. Azərbaycandakı bizneslərinə məhdudiyyətlər tətbiq olunaaq
4. Parlamentdə ki, aktivlikləri minimuma endiriləcək. Qarşıdan gələn parlament seçkilərində isə artıq bu millət vəkillərinin heç birini görməyəcəyik.
Nurçu
mediyaya zərbə

Azərbaycandakı nurçuları zəiflətmək üçün sözsü ki, onların mətbu orqanları da nəzarətə götürüləcək. Qeyd edək ki, ölkədəki rus dilli internet portallarının əksəriyyətinə məhz Elnur Aslanov himayədarlıq edirdi və artıq bunlara nəzarət başqa ələ keçəcək. Bir başa nurçuların öz himayəsində olan "Zaman" qəzetidə problemlər yaşayacaq. Çünki bu qəzetə kimlərsə ölkə boyu abunələr yazdırmaqla qəzetin ayaq üstə durmasını təmin edirdilər və sözsüz ki, bu prosesində arxasında hansısa məmurlar dururdu. Yoxsa kimsə öz başına bu qəzetin ölkə boyu abunəsini təmin edə bilməzdi. Bununla yanaşı daha ciddi bir qurum isə "Xəzər" televiziyasıdır. Bu televiziyanın bir hissəsinin Azərbaycan tərəfindən idarə olunduğu, bir hissəsinin isə nurçulara məxsusluğu söylənilir. Çox böyük ehtimal ki, bu kanalda da şərikliyə son veriləcək və televiziya bütövlükdə Azərbaycana məxsus olacaq.
Təhsil
yuvalarının sabahı

Bu gün nurçuların Azərbaycandan ən çox pul apardıqları sahələrdən biri də təhsil sektorundan əldə etdikləri vəsaitlərdir. İstər hazırlıq kursları, istər "Çağ" öyrətim mərkəzi, istərsə də Qafqaz universitetinin xətti ilə hər il milyonlarla manat pul yığılır. Buna görə də çox böyük ehtimal ki, bu sektorada əl qoyulacaq. Çox maraqlı haldır ki, nurçularla Ərdoğan hakimiyyəti arasında gərginlik yaranan kimi Bakıdakı təhsil ocaqlarının idarəetməsi SOCAR şirkətinə verildi. Hesab edilirdi ki, nurçular artıq vəziyyətin mürəkkəb olduğunu gördükləri üçün belə hiyləyə əl atıblar. Amma güman etmək olar ki, bunun heç bir təsiri olmayacaq və nurçular bu təhsil ocaqlarını da əldən verəcəklər.

Sonluq

Qeyd edək ki, artıq on illərdi ki, Azərbaycanla Türkiyə hakimiyyətləri arasında sıx bağlılıqlar mövcuddur və zaman-zaman bir-birinə xoş mesajlar veriblər. Güman etmək olar ki, bu hakimiyyətlər hansısa qruplara görə dövlətlərarası münasibətləri zəiflətməyəcəklər. Bunun üçündə hesab etmək olar ki, nurçular Azərbaycanda əsas maliyyə rıçaqlarını itirəcəklər. Ərdoğan hakimiyyətinə də yalnız bu lazımdır ki, nurçular Azərbaycandan Türkiyəyə milyonlar göndərə bilməsinlər. Bunu da qeyd edək ki, Azərbaycanda nurçuların oyundankənar vəziyyətə salınmaları ölkənin siyasi və iqtisadi sahəsinə də müsbət təsirini göstərəcək. Çünki hakimiyyət və biznes strukturunda oturuşan nurçular sözün həqiqi mənasında bir ətalət yaradıblar. Bu gün isə artıq onlarla vidalaşmanın zamanı çatıb. Ekspertlər hesab edir ki, Gürcüstanda da nurçuları eyni aqibət gözləyir. Qeyd edək ki, nurçular Gürcüstanda da təhsil və turizm sektorunda ciddi nüfuza sahibdilər və güclərini hər an artırırlar.
Mehdi Əli