Ərdoğanın partiyası Türkiyədəki bələdiyə seçkilərini uddu
10:40 01-04-2014
İQTİSADİYYAT
Ərdoğanın partiyası Türkiyədəki bələdiyə seçkilərini uddu
Qardaş ölkə yeni siyasi mərhələyə daxil oldu
Türkiyədə martın 30-da keçirilmiş bələdiyyə seçkiləri hakim Ədalət və İnkişaf Partiyasının qələbəsi ilə başa çatıb. Hakim partiya ölkə üzrə səslərin 45,2 faizini əldə edir. Cümhuriyyət Xalq Partiyası 28,6 faiz, Milliyyətçi Hərəkat Partiyası 15,3 faiz səs qazanır. Barış və Demokratiya Partiyası 5,8 faiz səslə kifayətlənir.
Hakim partiya həm böyük şəhər bələdiyyə başqanlıqları və bələdiyyə başqanlıqları, həm də bələdiyyələrə məclis üzvlüyü yarışında öndə gedib. Ölkənin əksər hissəsində, o cümlədən ən böyük şəhər olan İstanbulda qələbə çalan hakim partiya paytaxt Ankarada da eyni nəticəni təkrarlayıb. Amma CHP Ankaradakı seçkilərin nəticələrinə ciddi təsir edildiyini, səsvermə qutularının müxalifət namizədinin xeyrinə nəticələrinin üstünlük təşkil edə biləcəyi əhəmiyyətli hissəsinin oğurlandığını və yandırıldığını açıqlayıb. Ankaradakı seçim sonuclarından Yüksək Seçim quruluna və məhkəməyə şikayət edilməsi gözlənilir.
Türkiyənin qərb bölgəsində Cümhuriyyət Xalq Partiyası, şərqdə Barış və Demokratiya Partiyası üstünlük əldə edib. Milliyyətçi Hərəkat Partiyası Qarsda, Adanada, Manisada və bəzi başqa bölgələrdə önə çıxıb.
Ərdoğandan seçkisonrası
hədə mesajları
Türkiyənin baş naziri, hazırda iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri Rəcəb Tayyip Ərdoğan partiyasının bələdiyyə seçkilərində qalib gəlməsi münasibətilə növbəti "balkon çıxışı"nı edib.
Ərdoğan "balkon çıxışı"ndan öncə partiyadaşları və ailə üzvləri, xanımı Əminə Ərdoğan, oğlu Bilal Ərdoğan və qızları ilə birlikdə mitinqə toplaşanları salamlayıb.
O, çıxışına "77 milyon Türkiyə vətəndaşını bir daha məhəbbətlə qucaqalayıb, salamlayıram" deyə başlayıb. Ərdoğan partiyasının qələbəsini "Siz öz iradənizə, demokratiyaya, partiyanıza, baş nazirinizə sahib çıxdınız. Buna görə Sizə təşəkkür edirəm" deyə ifadə edib.
Baş nazir daha sonra "Hizmət" Hərəkatına və müxalifət partiyalarına sərt ittihamlar səsləndirib: " Bu gün bu millət Türkiyəyə və dünyaya bir mesaj verdi. "Biz burdayıq, bu ölkənin sahibiyik, millət əyilməz, Türkiyə əyiləz" deyə bildi. Biz Türkiyə Cümhuriyyətini küçədən tapmadıq. Ona görə də bu ölkəni Pensilvaniyaya və onun burdakı xain uzantılarına təslim etmərik".
Ərdoğan bildirib ki, o, Hizmət Hərəkatının üzvlərinin bəziləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: " Bəziləri ilə bağlı şəxsən özüm prokurorluğa müraciət etmişəm. Çünki sabahdan (dünəndən - red.) etibarən qaçanlar ola bilər. Mən əvvəldən də demişdim, hinlərinə girəcəyik. Onlar bu dövlətə etdiklərinin hesabını verib, bədəlini ödəyəcəklər. Bizim milli təhlükəsizliyimi necə təhdid edərlər?"
Ərdoğan "nurçular"ı "Haşhaşilər"ə bənzədib: "Suriya bu gün bizimlə müharibə vəziyyətindədir. Bu xainlər Suriya ilə bağlı danışıqları dinləyib dünyaya yayıblar. Bunlar bu hərəkətləri ilə Haşhaşilərə rəhmət oxutdurdular".
Baş nazir qeyd edib ki, seçkinin nəticələri "millətin siyasətdən kənar yolla Türkiyənin istiqamətinin dəyişdirilməsinə etirazını göstərdi": " Seçkinin nəticəsi kimin qazandığından daha çox kimin məğlub olduğunu müəyyən etdi. Bu gün əxlaqdan kənar, kasset, montaj, şantaj siyasəti, çirkin ittifaqlar, hədəfsiz, plansız siyasət məğlub oldu. Türkiyəyə xainlik edənlər, tam bir Osmanlı şilləsi yedilər".
Ərdoğan yenə də Fətullah Güləni dəstəkləyən medianı və iş adamlarını hədəfə alıb: "Nə oldu? Millət seçki qutusunda münasibətini göstərdi, biz burdayıq. Siz indi hardasınız?"
Baş nazir daha sonra müxalifətə çağırış edib: "Biz nəticələri analiz edəcəyik. Bu faizlərimizin daha yüksək olmamasının səbəbini müzakirə edəcəyik. Bizə səs verənlərlə yanaşı səsini ala bilmədiyimiz vətəndaşlarımızın da hisslərini dəyərləndirəcəyik. Hər kəs seçki qutusundan çıxan mesajı doğru oxumalıdır".
Ərdoğanın Türkiyəyə yeni müxalifət lazım olduğunu da bildirib: "Gəlin, yeni səhifə açaq. Türkiyə sevdası hər şeyin üzərində olsun. Türkiyə qazanacaqsa, biz uduzmağa hazırıq".
Lakin bu çağırışdan sonra Ərdoğan yenə də Fətullah Gülənin tərəfdarlarının və müxalifətin ünvanına sərt ittihamlar səsləndirib: " Bu gün Türkiyə düşmənlərinin maşaları, millətin öz içindən çıxıb ona xəyanət edənlər xəyal qırıqlığına uğradılar. Millət istiqrarına uzanan əlləri seçki qutusunda dəfn etdi. Sinsi planları, əxlaqsız tələləri pozdu, hiylələr üzərində qələbə çaldı. 30-40 il içində dövlət içinə sızanlarla hüquq dilində danışmağın vaxtı gəlib. Çünki bu cür şəbəkələri nə millət, nə də biz qəbul edə bilərik".
Ərdoğan çıxışını "bu gün yeni Türkiyənin şadlıq günü, qələbə günü" deyərək bitirib.
Dövlət Bağçalıdan
ağır ittihamlar
MHP lideri hakim partiyanı inzibati resurslardan sui-istifadədə təqsirləndirib
30 mart bələdiyyə seçkilərinin nəticələri məlum olduqdan sonra Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı seçkini dəyərləndirib.
MHP sədri AKP-ni dövlətin hər cür imkanının öz qələbəsi üçün işlətdiyini bildirib.
Bağçalı deyib ki, 30 mart seçkilərinin lap əvvəlində hakim partiya təzyiqlərə, şantaja əl atıb: "AKP zehniyyəti ictimai və siyasi quruluşu gərmiş və millət iradəsini təhrif etmişdir. Bu seçkilərə tarixin ən böyük rüşvət və sui-istifadə əməliyyatı damğa vurmuşdur. Türk milləti rüşvət alveri edən failləri dəqiq olaraq görmüşdür. Baş nazir və partiyası hansı nəticə alırsa-alsın, bəraət qazanmamışdır. Heç bir şey köhnəsi kimi olmayacaq. Seçkinin nəticələri məhkəmələrin yerinə keçə bilməyəcək.
Baş nazir balkon danışması zamanı Türkiyənin bundan sonrakı günləri haqqında göstərişlər vermişdir. Görünür, baş nazir cəbhələşməni qızışdıracaq. Siyasi nəticələr nəyi göstərirsə-göstərsin, iqtidarda sui-istifadəyə batmış qapqara vicdanlı bir zümrə var. Baş nazirin balkon çıxışında yanına aldığı adam ya da kəslər istintaqdan yaxalarını qurtarmış deyil.
MHP türk millətinin seçki seçiminə hörmətlə yanaşır. MHP əhəmiyyətli sayıla biləcək bir müvəffəqiyyətə imza atmışdır. Bu bizim baxış bucağımızdan bir inkişaf və ümidverici bir mənzərədir. Önümüzdəki dövrdə siyasətə daha çox hörmət və uzlaşma hakim olmalıdır".
Daha sonra Dövlət Bağçalı jurnalistlərin suallarına cavab olaraq deyib ki, bu seçkidə MHP-nin itirdiyi qədər də qazandığı var.
Dünya mediası: "Ərdoğanın prezidentliyə yolu açıldı"
Dünya mətbuatı Türkiyədə srağagün baş tutan bələdiyyə seçkilərinə münasibət bildirib.
Aparıcı media orqanlarında baş nazir Rəcəb Tayyib Ərdoğan və hökumətlə bağlı bir çox iddiaların olmasına baxmayaraq hakim AKP-nin seçkidə qalib gəldiyi qeyd edilib.
"The Wall Street Journal" Türkiyədəki seçkilərə belə münasibət bildirib: "Belə görünür ki, Türkiyədəki səsvermə Ərdoğanı daha da gücləndirib. Onun partiyası havada uçuşan iddialara baxmayaraq seçkidə qalib gəldi. Türkiyənin baş naziri Ərdoğan hökumət üçün referendum hesab olunan bələdiyyə seçkilərindən qalib kimi çıxdı".
"ABC NEWS" isə seçkiləri belə şərh edib: "İlkin nəticələrə görə Ərdoğan 2009-cu ildəki seçkidə olduğundan daha çox səs toplayıb. Bu seçki Ərdoğanın taleyüklü məsələsinə çevrilmiş və onun 12 ilik fəaliyyətinin refenredumu sayılırdı. Onu da qeyd etmək lazımdır ki, seçki qutuları qarşısında yaranan növbələrdən də görünür ki, seçicilərin seçkidə iştirak səviyyəsi yüksək olub".
"The Telegraph": "Ərdoğan seçkilərdə müxalifəti məğlubiyyətə uğratdı. Baş nazir Ərdoğanın sədrlik etdiyi partiya seçkilərdə ciddi fərqlə rəqiblərini qabaqladı. Ərdoğanın liderliyi üçün referendum kimi qəbul edilən seçkilər AKP-yə yeni uğur gətirdi".
"The Guardian": "Belə görünür ki, Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərində qələbə qazanıb. Seçkidən əvvəl AKP-nin hədəfi2009-cu ildə topladığı 38.8% səs idi. Bu nəticələrdən sonar Ərdoğan avqust ayında baş tutacaq president seçkilərində də namizəd ola bilər".
"Finansial Times": "Baş nazir Ərdoğan seçkidə qalib gəldiyini elan edərək bunun onu qaçaqmalçılıqda və təhlükəsizliyi təmin etməməkdə təqsirli bilənlərə ən yaxşı cavab olduğunu deyib: "Bizə tapşırılacaq hər bir vəzifə üçün özümüzü fəda etməyə hazırıq". O, həmçinin avqust ayındakı prezident seçkilərində də namizəd olacağının siqnalını verib".
"Haaretz": "Ərdoğan bələdiyyə seçkilərində qalib gəldiyini elan edib. Türkiyə baş naziri onu qaçaqmalçılqıda ittiham edənləri xain adlandırıb və bunun cəzasını çəkəcəklərini bildirib".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53