Ərəblər arasında ixtilaf
Ərəblər arasında ixtilaf

Yaxın Şərqin ərəb dövlətləri arasında münasibətlərin pisləşməsi nə ilə bağlıdır?

Son zamanlar Fars körfəzi ölkələri arasında münasibətlər kəskin şəkildə pisləşməyə başlayıb. "Region Plyus"un təhlilinə görə, ərəb dövlətləri bir-birlərindən qəzəblə yerli ekstremistlərin dəstəklənməməsini tələb edir. Məsələn, BƏƏ, Səudiyyə Ərəbistanı və Bəhreyn Qətərə qarşı birləşərək, Dohadakı səfirlərini geri çağırmaq qərarına gəliblər.

Onlar bu addımı "öz sabitlikləri və təhlükəsizliklərinin qorunması tədbirləri çərçivəsində" atdıqlarını bildirirlər. Səudiyyə Ərəbistanı daha uzağa gedib - Ər-Riyad Qətərə ultimatum verərək, bu ölkəyə tammiqyaslı yerüstü, hava və dəniz blokadası tətbiq etməyə hazır olduğunu bəyan edib.
Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyndə hesab edirlər ki, Doha "qonşularının daxili işlərinə qarışmamaqla bağlı öhdəliklərinə əməl etmir". Söhbət BƏƏ-də adı çəkilməyən islamçı qruplaşma ilə əlaqədə günahlandırılaraq 7 il müddətinə azadlıqdan məhrum edilmiş şəxsin Qətərdə azadlığa buraxılmasından gedir. Adıçəkilən dövlətlər Dohanı bu addımla FKƏÖƏŞ (Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası) üzvlərinin 2013-cü ildə imzaladıqları təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsini pozmaqda təqsirləndirirlər. Müqaviləyə əsasən, onu imzalayanlar qonşu ölkələrin təhlükəsizliyi və sabitliyinə təhlükə yaradan şəxslərin və ya təşkilatların dəstəklənməsindən imtina etməlidir.

Səudiyyə Ərəbistanı
ilə Qətər arasında
yaranmış so- yuqluğun əsas səbəbi

Bundan başqa, Qətərin qonşuları, xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ radikal şeyx Yusuf əl-Kardavinin (Qətər vətəndaşı olan misirli) onların siyasətini sərt tənqid etməsindən də narazıdırlar. Yusuf əl-Kardavi Səudiyyə Ərəbistanı və BƏƏ-nin siyasətini tənqid atəşinə tutmaqla yanaşı, "Müsəlman qardaşlar" və HƏMAS-ı müdafiə edib.
Bundan başqa, Ər-Riyad "Müsəlman qardaşlar"a həddindən artıq simpatiya bəsləyən, monarxiyaların ünvanına xoşagəlməz fikirlər səsləndirən "Əl-Cəzirə" telekanalının fəaliyyətindən də narazıdır. Yeri gəlmişkən, Şeyx Yusuf əl-Kardavi məhz "Əl-Cəzirə"də çıxış edir. Qeyd etmək lazımdır ki, Qətərin "Əl-Cəzirə" telekanalının Qahirə bölməsinin 7 əməkdaşı istintaq altındadır. Onlar "Müsəlman qardaşlar"a yardım göstərməkdə təqsirləndirilirlər.
Qətərin BMT və ABŞ-dakı sabiq səfiri Nasser bin Hamad Əl-Xəlifə elə həmin "Əl-Cəzirə"yə açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı ilə Qətər arasında yaranmış so- yuqluğun əsas səbəbi Misir, daha konkret desək, Doha tərəfindən dəstəklənən "Müsəlman qardaşlar"dır.
Fevralda Misirin Xarici İşlər Nazirliyi Qətərin Qahirədəki müvəqqəti işlər vəkilinə nota təqdim edib. Notada Dohadan Misirin daxili işlərinə müdaxiləyə son qoyulması tələb olunurdu. Misirdə "Müsəlman qardaşlar"ın fəaliyyəti yenə qadağan edilib. Bu, ötən ilin iyulunda hərəkatın nümayəndəsi Məhəmməd Mursinin ölkə başçısı postundan uzaqlaşdırılmasından sonra baş verib.
Səudiyyə Ərəbistanı da Misirdən nümunə götürərək, martın əvvəlində "Müsəlman qardaşlar"ı terrorçu təşkilat kimi tanıyıb. Bununla yanaşı, Səudiyyə hökuməti Yəmənin şiə təşkilatlarını, Suriya ərazisində fəaliyyət göstərən bir sıra qruplaşmaları da "qara siyahı"ya salıb. Onların arasında hazırda Bəşər Əsəd rejiminə qarşı vuruşan qiyamçılara kömək edən "Cabhat ən-Nusra", "İraqda və Levantedə İslam Dövləti" qruplaşmaları da var. Səudiyyə Ərəbistanı xarici dövlətlərdə hərbi əməliyyatlarda iştirak edən bütün vətəndaşlarına müraciət edərək, onları yarım ay ərzində geri qayıtmağa da çağırıb. Bu çağırışa məhəl qoymayanları, ən azı, 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Bununla yanaşı, indi Krallıqda radikallara maddi və ideoloji dəstək verən hər kəs cinayət məsuliyyəti daşıyacaq.
Hüsnü Mübarək rejiminin devrilməsindən sonra 3 ildir siyasi və iqtisadi böhran içərisində olan Misirdə isə artıq Fələstinin HƏMAS hərəkatı da qeyri-leqal təşkilat elan edilib. Xatırladaq ki, vaxtilə bu hərəkatın yaradılmasında "Müsəlman qardaşlar" da əziyyət çəkib və hazırda o, gizli şəkildə Doha tərəfindən maliyyələşdirilir. Amma müşahidəçilər HƏMAS-ın risk edərək Misirin indiki hakimiyyəti ilə açıq qarşıdurmaya gedəcəyini düşünmürlər. Onların fikrincə, bu halda Sinay yarımadası ilə əlaqənin itirilməsi riski həddindən artıq çoxdur. Böyük ehtimalla Misirin növbəti prezidenti olacaq Abdel Fəttah əs-Sisi üçün HƏMAS-la nümayişkaranə şəkildə aparılan mübarizə müəyyən fayda gətirə bilər. Məsələn, iqtisadi sahədəki uğursuzluqlar, ictimai təhlükəsizliyin ağır durumu müəyyən dərəcədə məhz bu hərəkatın üzərinə atıla bilər. Üstəlik, Misir BƏƏ ilə əlaqələrini möhkəmləndirməkdədir. Əs-Sisi bu yaxınlarda birgə keçirilən hərbi təlimlərin qapanış mərasimində iştirak etmək üçün BƏƏ-yə səfər də edib. Ən başlıcası isə hazırda körfəz ölkələrinin maliyyə yardımından ciddi şəkildə asılı olmasıdır.

"Aqressiv və
məsuliyyətsiz fikirlər"

Bütün bunların fonunda İraqın baş naziri Nuri əl-Maliki "France 24" telekanalına müsahibəsində Qətəri və Səudiyyə Ərəbistanını faktiki olaraq, Bağdada qarşı müharibə elan etməkdə günahlandırıb. Baş nazirin sözlərinə görə, bu iki ölkə İraq ekstremistlərinə siyasi, maddi və informasiya dəstəyini davam etdirir. Maliki sünni dövləti olan Səudiyyə Ərəbistanı və Qətərin Suriya yaraqlılarına da yardım göstərdiyini, onların isə öz növbələrində İraq daxilində sabitliyi pozduqlarını da söyləyib. "İraqda dini zəmində baş verən qarşıdurmalara, terror böhranına, təhlükəsizlik problemlərinə görə, ən çox məsuliyyəti bu iki dövlət daşıyır", - deyə İraqın baş naziri qeyd edib.
O, bununla yanaşı, Bağdadın sözügedən ölkələrlə miqyaslı qarşıdurmaya getmək fikrində olmadığını bildirib, amma cinayətkar qruplara dəstəyin sonda onların sponsorlarına problem yaradacağını deyib. Səudiyyə Ərəbistanı Malikinin ittihamlarını "aqressiv və məsuliyyətsiz fikirlər" adlandırıb. Səudiyyə Ərəbistanında hesab edirlər ki, İraqın baş naziri bu açıqlamaları ilə "öz uğursuzluqlarına görə məsuliyyəti başqalarının üzərinə yıxmağa çalışır". Ər-Riyad Malikinin şiə hökumətinin məhdud siyasət apardığını, sünni azlığın hüquqlarını tapdaladığını bəyan edib.
"Region Plyus"un təhlilində həmçinin qeyd edilir ki, hazırda İraq iqtisadiyyatı dağılmış, təhlükəsizlik sahəsində ciddi problemləri olan dövlətdir. Dini və etnik mənsubiyyətinə görə hissələrə bölünmüş bu ölkə daim terror aktlarından əziyyət çəkir, zorakılığın səviyyəsi azalmaq bilmir. Ölkədə gərginlik yaradan əsas amil sünnilərlə şiələr arasında bitmək bilməyən düşmənçilikdir. Səddam Hüseynin hakimiyyəti dövründə ölkə siyasətində və iqtisadiyyatında əsas vəzifələri tutmuş, sonradan şiələr tərəfindən sıxışdırılan sünnilər ənənəvi olaraq, Fars körfəzi monarxiyalarının dəstəyini alır.
Beləliklə, ərəb dövlətlərinin münasibətlərin aydınlaşdırılmasında növbəti gərgin mərhələni yaşadıqları aydındır. Maraqlıdır ki, onların ən sərt diplomatik addımlar atmaq qərarı Ər-Riyadda aparılmış gərgin danışıqların bitimindən dərhal sonraya təsadüf edib. Söhbət FKƏÖƏŞ ölkələrinin XİN başçıları arasında aparılmış danışıqlardan gedir.
FKƏÖƏŞ 1981-ci ildə üzv ölkələrin iqtisadi, mədəni, sosial və təhlükəsizlik problemlərinin həllində əməkdaşlığına yardım məqsədilə yaradılıb. Amma birliyin əsas funksiyası hər zaman hərbi sahədə olub. Üstəlik, bu fəaliyyət ABŞ ilə sıx əməkdaşlıq şəklində həyata keçirilib. Qurum hətta vahid təhlükəsizlik qüvvəsinin yaradılması, xalici adı altında vahid valyutaya keçid məsələlərini də müzakirə edib. Söhbət sanki ərəblərin Avropa İttifaqı tipli birliyinin yaradılmasından gedir. Amma üzv dövlətlər arasındakı ziddiyyət bu təşəbbüslərin reallaşmasına imkan verməyib.
Daxili ziddiyyətlər isə kifayət qədər çoxdur. Məsələn, bütün ərəb monarxiyaları liderlik iddiasını heç zaman gizlətməyən Səudiyyə Ərəbistanının güclənməsindən qorxur. Bu yaxınlarda gənc və iddialı əmirin rəhbərlik etməyə başladığı Qətər isə ona mümkün qədər çox əhəmiyyət və müstəqillik verilməsini istəyir. Səudiyyə Ərəbistanı-Bəhreyn münasibətlərində də hər şey qaydasında deyil. Bəhreyn rəhbərliyi Səudiyyə hərbçilərinin bu ölkənin ərazisində olmasından məmnun deyil. İndi isə Misir (Səudiyyə Ərəbistanı Misir hərbçilərini, Qətər isə "Müsəlman qardaşlar"ı dəstəkləyir) və Suriya mübahisə mövzusuna çevrilib. Suriyada da Qətərlə Səudiyyə Ərəbistanı Bəşər Əsədə qarşı vuruşan müxalifətin ayrı-ayrı qanadlarını dəstəkləyir. Ər-Riyad "İslam cəbhəsi"nə üstünlük verirsə, Qətər "İraqda və Levantada İslam Dövləti" və "Cebat ən-Nusra" qruplaşmalarını dəstəkləyir. Bundan başqa, ərəb monarxiyaları İraq və İrana eyni münasibət bəsləyirlər. Məsələn, bu yaxınlarda Qətərin XİN başçısı Tehrana səfər edib. Doha hesab edir ki, İran Suriya böhranının həlli prosesinə cəlb olunmalıdır. Səudiyyə hökuməti isə buna qəti etiraz edir.

Monarxiyaların
narahatlığı

Bütün bunlarla yanaşı, körfəz dövlətlərini hər zaman ümumi təhlükə birləşdirib. FKƏÖƏŞ-in yaradıldığı dövrdə bu, əsasən, İranla Əfqanıstan arasındakı qarşıdurma idi. İran amili bu gün də dəyişməz olaraq qalır. Əfqanıstanı isə indi radikal qruplaşmalar əvəzləyib. Hər halda, son zamanlar müxtəlif tipli terrorçu hərəkatlarının istər maddi, istərsə də ideoloji baxımdan getdikcə gücləndiyi sirr deyil. Ən başlıcası isə bu qruplaşmalar nəinki birləşmək, həm də daxili müxalifətin sıralarına qoşulmaq iqtidarında olduğunu aydın şəkildə nümayiş etdirir. Bu, əlbəttə ki, monarxiyaları narahat etməyə bilməz.
Məsələn, Səudiyyə Ərəbistanında fevralın əvvəlində yeni qanun qüvvəyə minib. Qanuna əsasən, terrorçuluğun qarşısının alınması işində hüquq mühafizə orqanları və təhlükəsizlik xidmətinin səlahiyyətləri xeyli genişləndirilib - İnternetdə izləmə genişləndirilir, telefonların daha geniş şəkildə dinlənilməsinə, sanksiyalaşdırılmamış axtarışların aparılmasına icazə verilir. Müşahidəçilərin fikrincə, hazırda ölkədə faktiki olaraq ictimai asayişin pozulması kimi qiymətləndirilən istənilən hərəkət həm də terrorçuluq kimi dəyərləndirilə bilər. Buraya, əlbəttə ki, hakimiyyətin siyasətinə etiraz əlamətli istənilən hərəkəti də daxil edə bilərlər.
Səudiyyə Ərəbistanının narahatlığını, əlbəttə ki, Qətər də anlayır və bölüşür. O, diplomatik demarşa son dərəcə təmkinlə reaksiya verərək, yaranmış vəziyyətdən narahatlığını ifadə edib, Dohanın FKƏÖƏŞ çərçivəsində əldə edilmiş bütün razılaşmaları yerinə yetirməyə hazır olduğunu bildirib.
Bununla yanaşı, aydındır ki, xarici oyunçulara bir tərəfdən körfəz ölkələrinin ümumi düşməninin olması, digər yandan onların heç zaman razılığa gələ bilməmələri sərf edir. Çünki bu, regiona qeyri-məhdud təsir imkanlarını daha da artırır. Ələlxüsus da nəzərə alsaq ki, xarici oyunçular bu sahədə kifayət qədər təcrübəyə malikdirlər.

Murad İbrahimli