SSRİ Ukraynada bərpa ediləcək?
09:58 03-09-2014
İQTİSADİYYAT
SSRİ Ukraynada bərpa ediləcək?
"Böyük müharibə" xəbərdarlığı: On minlərlə insan öləcək!
"Ukraynada vəziyyət getdikcə gərginləşir. Çoxları Rusiyanın Qərbin sanksiyalarından qorxaraq geri çəkiləcəyini güman edirdilər. Kiyevin qətiyyətli addımları demokratiya tərəfdarlarında ümid yaratmışd. Lakin Kreml zəif davranmadı. Belə ki Rusiya prezidenti Vladimir Putin onu Ukraynaya hərbi müdaxilədə günahlandıran Avropa liderlərini sərt tonda hədələyib. Bu haqda İtaliyanın "La Republica" qəzeti Avropa İttifaqı liderlərinin ötən şənbə günü keçirilən toplantısında gedən müzakirələrə istinadən xəbər verib". Bu haqda olaylar.az yazır.
Xatırladaq ki, ötən şənbə günü Aİ liderləri Rusiyanın Ukraynanın şərqinə minlərlə əsgər və yüzlərlə hərbi texnika göndərməsinə cavab olaraq Moskvaya qarşı yeni sanksiyaları müzakirə ediblər. Lakin Aİ-nin 28 üzvü arasından Macarıstan və Slovakiya Rusiyaya qarşı yeni sanksiyalara qarşı çıxıb. Müzakirələr zamanı Litva prezidenti Dalya Qribauskayte Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin həm də Avropaya qarşı müharibə olduğunu deyib. Almaniya kansleri Angela Merkel də Rusiyaya qarşı daha sərt sanksiyalara çağırıb, bildirib ki, Moskva ilə bütün danışıqlar cəhdi səmərəsiz qalıb. Bundan sonra Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso Putinin telefon söhbəti zamanı hansı təhdidlərlə çıxış etdiyini danışıb. Barroso deyib ki, o, Putindən rus qoşunlarının Ukraynaya müdaxiləsi haqda soruşmağa cəhd edib.
Lakin Rusiya prezidenti dərhal hədələməyə başlayıb və bildirib ki, əgər mən Kiyevi almaq istəsəm bunu cəmi iki həftəyə edərəm. Avropa liderlərinin bu açıqlamaları əslində həyəcan siqnalıdı. Krım hadisəsindən sonra Avropa ciddi təşviş içərisindədir və Putindən hər şey gözləyirlər. Baltikyanı ölkə təmsilçisinin təlaşlı açıqlaması da təsadüfi deyil. Çünki Putin ekspansiya siyasətinə başlasa tək ilk növbədə Şərqi Avropaya soxulmayacaq. İlk olaraq keçmiş SSRİ dövlətlərindən, o cümlədən Baltik ölkələrindən başlayacaq. Litva, Latviya və Estoniya Avropa Birliyi üzvləri olsa da, təhlükəsizlik sistemləri o qədər də güclü deyil.
Ukrayna hadisələri göstərdi ki, Rusiya istənilən zaman Avropanın hansısa ölkəsinin ərazi bütövlüyünü poza bilər, buna heç kim ciddi təpki göstərməyəcək. Rusiyanın aqressiyasının artması sabiq SSRİ dövlətlərindəki "beşinci kolon"un, solçuların fəallaşmasına səbəb olub. Artıq onlarda belə bir inam var ki, Putin təntənəli şəkildə Kiyevə daxil olacaq, orda "Yeni SSRİ"-nin bayrağını qaldıracaq. Sosial şəbəkələrdə ciddi fəallaşan rusiyapərəsətlər yeni imperiyada həyat şəraitinin yüksək səviyyədə olacağını yazırlar. Qeyd edirlər ki, Rusiyanın ətrafında yaranacaq yeni imperiya dövlətində sosial güzəştlər çox olacaq, təhsil, səhiyyə pulsuz olacaq, bahalıq, işsizlik olmayacaq.
Göründüyü kimi bütün bu təbliğat aşağı təbəqəyə hesabanmış tezislərdir. MDB ölkələrində yoxsulluqdan, bahalı təhsil və səhiyyədən əziyyət çəkən, təmiz qidanın həsrəti ilə yaşayan insanlar var. Solçular onları öz tərəflərinə çəkmək istəyirlər. Ancaq tarixin təkərini geri döndərmək mümkün deyil. MDB ölkələrində müstəqilliyi, Avropaya inteqrasiyanı tək nicat yolu hesab edənlər daha çoxdur. Onlar Rusiyanın vəd etdiyi "işıqlı", ancaq sonu zülmət quruluşa bir daha qayıtmaq istəmirlər.
Rusiya-Avropa
qarşıdurmasının poliqonu
olaylar.az saytındakı bir başqa məqaloəyə görə, "soyuq müharibə" dönəmindən sonra təkqütblü dünya sisteminin yaranmasına edilən cəhdlər, NATO-nun keçmiş Sovet ölkələrinə doğru genişlənməsi, Avropada yeni raketdən müdafiə sistemlərinin qurulması, eləcə də Avropa Birliyinin Şərqi Avropada yeni-yeni dövlətləri öz sıralarına daxil etməsi Moskvanı kifayət qədər narahat edirdi.
Lakin həmin ərəfədə Rusiyanın açıq şəkildə proseslərə müdaxiləsi mümkünsüz olduğundan Kreml müəyyən müddət gözləmə mövqeyində dayandı. Moskvanın ehtiyat etdiyi iki əsas güc mərkəzlərindən sayılan Avropa və Birləşmiş Ştatların regional aspektlərdə uğursuzluqlara düçar olması Rusiya üçün əlverişli şərait yaratdı. Avropanın başı regionun ayrı-ayrı ölkələrində baş verən maliyyə böhranını aradan qaldırmağa qarışdığı halda, Birləşmiş Ştatların İraq və Əfqanıstanda üzləşdiyi müvəffəqiyyətsizlik, İslam dünyasına sırıdığı "Ərəb Baharı"nın istənilən effekti verməməsi Vaşinqtonun mövqelərini əsaslı dərəcədə zəiflətmiş oldu. Bütün bunlar isə heç şübhəsiz ki, Moskvanın mövqelərini gücləndirdi. Gürcüstanın parçalanması, Abxaziya və Cənubi Osetiya kimi Rusiyameyilli iki kiçik dövlətin ortaya çıxması, Moskvanın dəstəyi ilə Dağlıq Qarabağın ermənilər tərəfindən işğalından başlayan proses günümüzdə Rusiyanın Ukraynaya təcavüzünə qədər gəlib çatdı. Nəticə etibarilə Krım Rusiya tərəfindən rəsmən işğal olundu.
Hazırda da regional proseslər Kreml saatına uyğun işləyir. Ukraynanın ərazi bütövlüyünün pozulmasına qarşı sanki bir susqunluq nümayiş etdirən Birləşmiş Ştatlar və Qərb Moskvaya ciddi təpki göstərməkdən də ehtiyatlanır. Çünki indiki situasiyada top Rusiya tərəfindədir. Qərbin Moskaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar da effektsiz görünür. Belə ki, Avropa Rusiyadan neft və qaz almamaqla Moskvaya ciddi iqtisadi zərbə vuracağını düşündüyü halda Rusiya, Çin və Uzaq Şərq ölkələrinə öz təbii ehtiyatlarını sata biləcək yeni bazarlar tapdı. Çinlə imzalanan 400 milyard dollarlıq enerji satış razılaşması Moskvanın Avropadan asılılığını aradan qaldırdı. Əksinə Şərqi Avropa ölkələri başda olmaqla Avropa şirkətləri Rusiya bazarını itirdi. Cari ilin sonuna qədər Rusiya bazarına mal ixrac edən Avropa şirkətlərinin 15 milyard dollar ziyana düşəcəyi proqnozlaşdırılır. Düzdür, Rusiya da öz növbəsində Avropa şirkətlərinin istehsal etdiyi mallardan məhrum oldu. Lakin Moskva bunu Türkiyə və Latın Amerika ölkələrindən qida məhsulları idxal etməklə əvəzləyə bildi. Qərbin neft-qaz ehtiyatlarında olduğu kimi qida məhsulları ilə bağlı sanksiyaları da Rusiyadan daha çox Avropaya baha başa gəldi. Rusiya-Avropa qarşıdurmasında yeganə itki ilə üzləşən isə indiki məqamda Ukraynadır. Krımı itirən, ərazi bütövlüyü pozulan Ukrayna Rusiya ilə baş verən qarşıdurmalar nəticəsində 2500 vətəndaşını itirib, minlərlə öz evlərindən didərgin düşüb. Eyni zamanda Rusiya-Ukrayna savaşı ölkə iqtisadiyyatında ciddi zərbə vurub. Nəticədə Ukrayna iqtisadiyyatında 19 faiz geriləmə qeydə alınıb.
Yaxın gələcəkdə isə Ukraynanın ərazi bütövlüyünü bərpa edəcəyi, Krımı Rusiyadan geri alacağı mümkünsüz görünür. Bir sözlə müasir dövrün Rusiya-Avropa qarşıdurmasının poliqon ölkəsi bu dəfə Ukrayna oldu.
Rusiya prezidentinin
köməkçisi: "Putinin sözləri kontekstdən çıxarılıb"
"Rusiya prezidenti Vladimir Putinin "iki həftəyə Kiyevi alaram" sözləri kontekstdən çıxarılıb və bu sözlər tamamilə başqa mənə kəsb edib". Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo ilə telefon danışığının detallarının açıqlanması diplomatik praktika çərçivəsindən kənara çıxan haldır: "Əgər bu edilibsə, məncə ciddi siyasi xadimə yaraşan hərəkət deyil. Bu sözlərin deyilib-deyilməməsinə gəldikdə isə, bu sözlər kontekstdən çıxarılıb və tamamilə başqa məna kəsb edib".
Qeyd edək ki, Avropa mediasında Vladimir Putinin Avropa Komissiyasının sədri Jose Mannuel Barozzoya "istəsəm, Kiyevi iki həftəyə alaram" dediyi haqda xəbərlər yayılıb.
Ukrayna Donbasda
aparılan
əməliyyatın
formatını
dəyişdirəcək
Ukrayna hakimiyyəti Donbasda keçirilən əməliyyatın formatını dəyişdirəcək. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) məlumat mərkəzinin sözçüsü Andrey Lısenko bildirib.
Onun sözlərinə görə, hazırda prezident Pyotr Poroşenko Baş Komandanlıqda güc strukturları rəhbərlərinin iştirakı ilə müşavirə keçirir.
Şok
"Böyük müharibə"
xəbərdarlığı!
Ukrayna müdafiə naziri Valeri Qeleteydən "böyük müharibə" xəbərdarlığı gəlib. unian.net saytının verdiyi məlumata görə, nazir "facebook" səhifəsində Rusiyanın böyük müharibəyə başladığını və bunun minlərlə insanın ölümünə səbəb ola biləcəyini yazıb.
Açıqlamanın Ukrayna ordusunun ölkənin şərqindəki Luqansk hava limanından çıxmasından sonra verilməsi diqqət çəkir. "Böyük bir müharibənin astanasındayıq. Bu, İkinci Dünya müharibəsindən sonra bənzəri görünməyən bir müharibə olacaq. Çox təəssüf ki, bu müharibədə itkilər yüzlərlə, minlərlə deyil, on minlərlə olacaq", - Ukrayna müdafiə naziri qeyd edir.
Rusiya isə Kiyev və Qərbin iddialarını rədd edərək Ukraynadakı separatçılara heç bir yardım etmədiyini bildirib. "Bu cür açıqlamanın mədəni bir dövlətin müdafiə naziri tərəfindən verilməsinə inanmağım qüruruma toxunur", - Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Kliçko: "Ukrayna əsgərləri bütün Avropanı qoruyur"
Kiyev meri Vitali Kliçko Almaniya hökumətini terrorçularla mübarizə üçün Ukraynaya silah yardımı etməyə çağırıb. Kliçko Almaniyanın İraq kürdlərinə silah verməsini dəyərləndirib. Amma eyni münasibəti Ukraynaya göstərmədiklərini tənqid edib: "Üç aydır ki, NATO-dan kömək istəyirik. Söhbət heç silahdan da getmir. Yardım kimi adi zirehli geyimlər, dəbilqələr belə verilmir".
Kliçkonun sözlərinə görə, Putin Ukraynanın şərqindəki separatçıları dəstəkləyir. Bu isə təkcə Ukrayna üçün yox, həm də Avropa İttifaqı üçün təhdiddir: "Avropa anlamalıdır ki, biz təkcə Ukraynanı yox, bütün Avropanı, onun dəyərlərini qoruyuruq."
Ukrayna partizan
hərəkatı yaradır
Ukrayna partizan hərəkatı yaratmağa hazırlaşır. Bu haqda Ukrayna müdafiə nazirliyinin sözçüsü Andrey Lısenko ICTV telekanalına müsahibəsində deyib.
O bildirib ki, artıq Mariopolda öz şəhərini əldə silah qorumaq istəyən 5 min könüllü var: "Ümumilikdə isə bütün Ukrayna üzrə separatçılarla döyüşməyə hazır olan on minlərllə könüllü var, onlar döyüş zonasına ilkin hazırlıq olmadan belə getmək istəyirlər".
Lısenko bildirib ki , baş qərargahda partizan hərəkatı ilə bağlı planlar hazırlanıb. Bəzi partizan dəstələrinin komandirləri artıq təyin olunub. Onlar öz döyüşçüləri ilə tanış olurlar.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53