Dəhşət ssenarisi: ABŞ yeni anti-türk dövləti yaradır
12:12 21-06-2015
DÜNYA
Dəhşət ssenarisi: ABŞ yeni anti-türk dövləti yaradır
İŞİD Tel-Abyadda olduğu kimi Azez şəhərini də PYD-ə vermək üçün Suriya hökumətindən alacaq
Suriyanın Tel-Abyad şəhərinin PYD-nin (PKK terror təşkilatının Suriya qolu) əlinə keçməsindən sonra diqqət Türkiyə ilə sərhəddə yerləşən Azez şəhərinə yönəlib. Qardaş ölkə mediası xəbər verir ki, narahatlıq doğuran əsas məqam daha 1 milyon suriyalının Türkiyəyə köçməyə cəhd etməsidir.
Suriya müxalifəti hesab edir ki, ABŞ-ın əsas hədəfi hava hücumları ilə Azezdə köç dalğasını başladaraq şəhəri boşaltmaqdır. Azezi müdafiə edən müxalifət gücləri bundan sonra şəhərin PYD-yə veriləcəyini bildirirlər.
Suriyada iki kanton bölgə arasında yerləşən strateji əhəmiyyətə sahib Tel-Abyadı bir güllə atmadan İŞİD-dən alan PYD planın ikinci mərhələsini tamamlamaq üçün Azad Suriya Ordusunun əlindəki Azez şəhərinə hücum edir. Şəhərin PYD-nin əlinə keçməsi ilə Suriyanın şimalındakı "Kürd dövləti"nin sərhədləri yekun hala gələcək və müxalifətin əlində olan 2 sərhəd qapısından biri itiriləcək.
PYD-nin 2014-cü ilin yanvar ayında elan etdiyi Cizire ilə Kobani kantonları Tel-Abyadın PYD-nin nəzarətinə keçməsi ilə birləşib. Afrin kantonu ilə Kobani və Cizire kantonları arasında yerləşən Azez şəhəri və Babüsselam sərhəd qapısı Suriya müxalifətinin əlindədir. Azezin ələ keçirilməsi ilə Suriyadakı kürd kantonlarının "ərazi bütövlüyü" tam təmin olunacaq.
Müxalif mənbələrə görə, İŞİD Tel-Abyadda olduğu kimi Azez şəhərini də PYD-ə vermək üçün Suriya hökumətindən alacaq. Müxalifətin versiyasına görə, şəhərə əvvəlcə İŞİD girəcək, daha sonra ABŞ-ın hava bombardmanları başlayacaq və yüz minlərlə insan Türkiyə sərhədinə hərəkət edəcək. Bildirilir ki, PYD-yə bağlı YPG gücləri ABŞ-ın hava güclərinin dəstəyi ilə Afrini nəzarət altına alacaq.
PYD hazırda Türkiyə sərhədində 6 sərhəd qapısına nəzarət edir: Meydani Ekbez, Kobani, Rasulayn, Tel-Abyad, Derbesye və Andivar. Suriyanın ən əhəmiyyətli kürd bölgələrindən biri olan Qamışlıdakı sərhəd qapısında hələ də 2 minə yaxın rejim əsgəri var.
Mosul həkimləri Bağdadinin
biət tələbini rədd etdilər
Bu arada məlum olub ki, İŞİD terror təşkilatı İraqın Mosul şəhərində çalışan həkimlərin liderləri Əbubəkr əl-Bağdadiyə biət etmələrini istəyib. Xarici KİV xəbər verir ki, həkimlər terror təşkilatının tələbinə rədd cavabı veriblər.
Mosuldan sayta danışan bir mənbənin sözlərinə görə, İŞİD Bağdadiyə biət etməyi rədd edən həkimləri maaşlarını kəsəcəyi ilə hədələyib. "Bizim işimiz insanlara xidmət etməkdir. Din və ya siyasətlə heç bir əlaqəmiz yoxdur", - həkimlər bildiriblər.
Məlumata görə, İŞİD daha əvvəllər təşkilata yardım etməkdən boyun qaçıran həkimləri öldürüb. Təşkilat Mosul şəhərində indiyə qədər xeyli sayda jurnalist, həkim, müəllim, imam və polisə qarşı müxtəlif ittihamlar irəli sürərək onları edam edib.
İraqın ikinci böyük şəhəri olan Mosul 10 iyun 2014-cü ildən İŞİD-in nəzarətindədir.
İŞİD-çilər Yezid babalarının yolunu gedir
İŞİD İraqın dörd böyük şəhərinin suyunu kəsib. strateq.az xarici mətbuata istinadən bildirir ki, bu haqda İraqın kənd təsərrüfatı və su idarəsi rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, İŞİD silahlıları iki həftə əvvəl Fərat çayı üzərindəki Ramadi su anbarını ələ keçirərək, son bir neçə gündə suyun şəhərlərə verilməsini də tamamilə dayandırıblar. Nəticədə Kərbəla, Babil, Nəcəf və Qadisiya şəhərləri susuz qalıb.
Əhali Dəclə çayı vasitəsilə ehtiyaclarını ödəməyə çalışsa da, bu, yaranmış su probleminin aradan qaldırılmasına yetmir.
Digər Xəbərlər
2024-12-25 21:03:45
2024-12-25 20:45:52
2024-12-25 20:39:47
2024-12-25 20:25:10
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15