Yasamal rayon Məhkəməsində narkotik vasitə əldə edib saxlamaqda təqsirləndirilən Həsənov Səbiyar Qurban oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org-un məlumatına görə, iclasda çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra təqsirləndirilən şəxsin vəkili Gülşən Salmanova müdafiə nitqi ilə çıxış edib. O, müdafiə etdiyi şəxsin təqsirinin sübuta yetirilmədiyini deyib və məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyib. S. Həsənov da çıxışında günahının olmadığını bildirib. Müşavirədən sonra hökm elan edilib. Məhkəmə hökmünə əsasən S. Həsənovun barəsində bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.


Qeyd edək ki, S. Həsənov Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən metronun "Gənclik stansiyasında saxlanılıb. Ona qarşı əvvəlcə cibgirlik ittihamı elan edilib. Sonradan onun ittihamı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə etmə və saxlama) maddəsinə tövsif edilib.