Avropa Cənub Rəsədxanasının (ESO) astronomları Günəşə ən yaxın ulduzun yanında Yerin "əkiz"i sayıla biləcək planet aşkarlayıblar. Bu daşlıq-qayalıq ekzoplanetdə yaşam ola bilər.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, "Proxima b" adı verilmiş ekzoplanet Yerdən 1,3 dəfə ağırdır və Proksima Sentavra ulduzunun ətrafında 11,2 dövrlük orbitdə fırlanır. O, ulduzdan 0,05 astronomik vahid (7,5 milyon kilometr) aralıdadır.
Ulduza yaxın olmasına rəğmən "Proxima b" planetində yaşamın olması ulduzun xassələri ilə bağlıdır. Belə ki, qırmızı cırtdanlar qrupuna daxil olan Proksima Sentavra ulduzunda səthdəki temreratur Günəşlə müqayisədə 2, kütlə isə 10 dəfə aşağıdır.
Parametrlərin belə kombinasiyası o deməkdir ki, həmin ulduzun yaxınlığındakı planetlər üçün yaşam zonası 0,04-0,08 astronomik vahid intervalındadır. Səma cismi bu zaman ulduz ətrafında 9,1-24,5 gün ərzində tam dövrə vurmalıdır.
"Proxima b" planeti bu göstəricilərə tam cavab verdiyindən sözügedən ekzoplanetdə suyun və yaşam üçün gərəkli şərtlərin olduğu şübhə doğurmur.
ESO astronomları ulduz spektrinin dopler yayılmasını araşdırıblar. Bu yayılma planetin cazibə təsiri ilə bağlıdır.
Yeni planet Günəşdən 4,24 işıq ili məsafəsindədir.
Proksima Sentavra ulduzu Alfa Sentavra ilə birlikdə Günəşə ən yaxın üçlü sistemi formalaşdırırlar. Həmin ulduzlara lazer yelkənli nanopeyklərin göndərilməsi nəzərdə tutulur.
"Proksima b" aşkarlanana qədər Yerə ən yaxın, yaşam üçün yararlı planet İlandaşıyan ulduz topasındakı "Wolf 1061c" hesab olunurdu. Bu planetə Yerdən olan məsafə 13,7 işıq ilidir.