Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün keçirilməli olan "Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org apa-ya istinadən məlumatına görə, prosesdə C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmədə iclas protokolları ilə tanış olmaq istəyib. Hakim Əfqan Hacıyev isə qeyd edib ki, protokollar yalnız məhkəmə prosesi başa çatdıqdan sonra 3 gün ərzində tərəflərə verilir.
Sonra prosesdə şahidlər ifadə verib. Təqsirləndirilən Azad Cavadovun keçmiş qayınanası Emma Həsənova deyib ki, onun adına kredit götürülüb, özü isə yalnız sənədlərə qol çəkib.
Bankın Səbail filialının müdiri Ehtiram Əliyev bildirib ki, C. Hacıyev ona hər hansı qanunsuz göstəriş verməyib.
A. Cavadovun qaynı Ələkbər Həsənov isə deyib ki, A. Cavadova ad günündə xəncər hədiyyə edib: "Həmin xəncəri isə 2003-cü ildə metronun 28 May stansiyasının yaxınlığından almışam".
Bankın Sabunçu rayon filialının müdir müavini Niyaz Kərimzadə qeyd edib ki, Rasim Mehdiyev adlı şəxsə 750 min dollar kredit verib.
Digər şahidlər gəlmədiyi üçün hakim onların haqqında məcburi gətirilmə qərarı çıxarılıb.
Məhkəmə prosesi sentyabrın 14-dək təxirə salınıb.
Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, "İnter Security MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.