Amnistiya ilə azadlığa çıxan şəxs növbəti dəfə dəmir barmaqlılqlar arxasına yollanıb. O, bu dəfə də narkotik maddədən istifadədə təqsirləndirilir.

Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Niftəliyev Abuzər Şirin oğlunun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Polis əmkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılan və üzərində narkotik vasitə aşkarlanan A.Niftəliyev məhkəmədə işin düzgün aparılmadığından şikayət edib.

O, ittiham aktında üzərində 40 qram heroin aşkarlanması ilə bağlı yazılanların doğru olmadığını bildirib: "Məni istintaq zamanı müstəntiq aldadıb. Düzdür, istifadə etmişəm. Ancaq qeyd edildiyi kimi 40 qram heroin olmayıb. İşim düzgün aparılmayıb. Xahiş edirəm, bu yanlışlığı siz aradan qaldırasınız".

Məhkəmə zamanı məlum olub ki, A.Niftəliyev əvvəllər də məhkumluq həyatı yaşayıb. 2010-cu ildə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, satma) maddəsi ilə təqsirli bilinərək həbs edilib. 2013-cü ildə elan edilən amnistiya ilə azadlığa çıxıb.