Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin cinayət işi üzrə keçirilən mühasibatlıq ekspertizasının rəyi açıqlanıb.
Unikal.org apa-ya iustinadən məlumatına görə, Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslər tərəfindən dövlətə dəymiş ziyanının əvəzi kimi ödənilən pul vəsaiti ilə bağlı mühasibatlıq ekspertizasının keçirilməsi haqqında qərar qəbul edilib. Ekspertizanın rəyinə əsasən təqsirləndirilən şəxslər tərəfindən dövlətə dəymiş ziyanın əvəzi kimi ödənilən məbləğ dəymiş ziyanının məbləğindən çoxdur. İş üzrə məhkəmə prosesi oktyabrın 28-də davam edəcək.
Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə dəHDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında ötən il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş. Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.
İş üzrə 30-dan çox təqsirləndirilən şəxs var.
Onu da qeyd edək ki, Bakı Hərbi Məhkəməsində böyük iclas zalı olmadığından işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında baxılır.