Sevişdiyi qadının lüt şəkillərini yaymaqla hədələdiyi üçün həbs edilən Anar Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Unikal.org lent.az-a istinadən xəbər  verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyev sədrlik edib.

İşdə adı keçən qadının sonrakı taleyini nəzərə alaraq, onun adını şərti adla əvəz etmişik...

Prosesdə təqsirləndirilən şəxs qismində dindirilən Anar Məmmədov özünü tam təqsirli bilib. O deyib ki, 2006-cı ildə ailə həyatı qurub və 2012-ci ilin yay aylarında həyat yoldaşından ayrılıb: "2014-cü ildə qeyri-rəsmi olaraq yenə ailəli olmuşam. Rəsmi olaraq heç yerdə işləməmişəm. Taksi fəaliyyəti ilə məşğul olmuşam. Nigarla taksi sürdüyüm zaman tanış oldum. "Şamaxinka adlanan yerdə müştəri gözləyirdim. Nigar sərnişin kimi maşına mindi və onu Şamaxıya aparmağı xahiş etdi. Yolda gedərkən Nigarla ümumi söhbətlər etdik. Bu tanışlıqdan sonra aramızda mehriban münasibət yarandı və telefon nömrələrimizi bir-birimizə verdik. O gündən etibarən Nigarla mütəmadi olaraq telefonla danışmağa başladıq.

A.Məmmədov ifadəsində bildirib ki, bir müddət sonra Nigarla sevişiblər: "Nigarla təxminən 3 dəfə Masazır qəsəbəsində yerləşən «Qəbələ» restoranına getdik və orada cinsi əlaqədə olduq. Həmin ərəfədə pula ehtiyacım yarandı. Nigardan borc kimi 340 manat pul istədim. O da heç bir tərəddüd etmədən pulu verdi.

Bir müddət keçdi, yenidən pula ehtiyac yarandı. Nigara dedim 500 manat ver. Dedi, iki-üç günə düzəldəcək. 2 gün keçdi, Nigardan xəbər çıxmadı, zəng elədim. Pulu verməkdən imtina elədi.

Təqsirləndirilən şəxs bundan sonra Nigarı şantaj etməyə başlayıb: "Onun bu hərəkəti mənə yer elədi. Əsəbiləşdim, Nigara zəng edib dedim, cinsi əlaqədə olarkən onun lüt şəkillərini çəkmişəm. Hədə qorxuya keçdim. 600 manat pul istədim. Əks təqdirdə onun lüt şəkillərini qardaşına və anasına göstərib biabır edəcəyimi dedim. Nigar qorxdu və pul verməyə razı oldu. Nigarla Akademik Milli Dram Teatrının yanında görüşdük. O, 400 manat pul gətirdi. Pulu götürdüm, dedim, 200 manat da axşama çatdırmasa, birbaşa Şamaxıya gedib onu biabır edəcəm. Ayrıldıq. Üstündən bir-iki saat keçməmiş Nigar zəng edib, qalan pulu götürmək üçün Sabunçuya çağırdı. Pulu rəfiqəsindən almışdı. Pulu verəndə şəkillərini qaytarmağımı xahiş etdi. Dedim, narahat olma siləcəm.

Anar Məmmədovun Nigardan hədə-qorxu ilə pul tələb etməsi bununla da yekunlaşmayıb: "5-6 ay keçmişdi. Pula ehtiyac vardı. Nigara zəng elədim. Hədə-qorxu gəldim və 500 manat lazım olduğunu dedim. Nigar birinci ağladı, sızladı. Lakin 500 manatı verəcəyini dedi. Səhər Nərimanovda görüşdük. 500 manatı ondan aldım. Məndən xahiş elədi ki, həmin şəkilləri ona verim. Dedim ki, yüz faiz siləcəm, narahat olmasın. Üstündən iki-üç gün keçdi. Həmişəki kimi pula ehtiyac vardı. Nigardan 350 manat istədim. Ona da razılaşdı, gətirib pulu verdi. Məndən şəkilləri istədi, içi boş olan "flashcard verdim ki, şəkilləri burdadır. Bir saat keçmədi, Nigar yığdı ki, verdiyin "flashcardda heç nə yoxdur. Dedim, o biri kartlımla səhv salmışam. Həmin "flashcardı sonra verəcəyimi dedim.

2 həftə keçdi, Nigara zəng eləyib həmişəki variantla 200 manat istədim. Parkda görüşdük. İnternetdən yüklədiyim çılpaq qız şəkilini uzaqdan ona göstərib, dedim, sənin şəklindi. Yanında həmin şəkli sildim, 200 manatımı aldım. Halbuki, onun məndə bir dənə də olsun şəkli yoxuydu. 1 ay olmamışdı yenidən Nigarı yığdım, 300 manat istədim. Dedi, vermirəm, sənin barəndə polisə şikayət edəcəm. Bir az qorxdum, ona görə pul istəmədim. Ümumilikdə Nigardan 2150 manat pul almışdım.

Təqsirləndirilən şəxs Nigarı şantaj etməkdən başqa, qeyri-rəsmi nikahda yaşadığı Almazın (ad şərtidir) sağlamlığına yüngül xəsarət vurmaqda da təqsirləndirilib. Bu barədə danışan şəxs deyib ki, Almazla 2 ilə yaxın ər-arvad kimi yaşayıb: "Bu müddət ərzində bir neçə dəfə Almazla qısqanclıq zəminində mübahisələrimiz oldu. Son vaxtlar Almazın başqası ilə münasibətinin olmasından şübhələnirdim. Evə gəldim, evdə Almaz və azyaşlı oğlu vardı. Gecə saat 02 radələrində Almaza yatmağa getdiyimi dedim. 10 dəqiqədən sonra otağa qayıtdım, telefonla oynayırdı. Əlindən telefonu aldım, gördüm başqası ilə mesajlaşır. Mesajlarda mənim barəmdə alçaldıcı sözlər vardı. Əsəbiləşdim, uşağın kəmərini çıxardım, kəmərlə onu döydüm. Elədiyim əməldən peşmanam, xəcalət çəkirəm. Nigara və Almaza dəymiş ziyanı tam həcmdə ödəmişəm. Onları barışıq əldə etmişəm. Bunların məhkəmədə nəzərə alınmasını sizdən xahiş edirəm.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Nigar bildirib ki, 2004-cü ildən Bakı şəhərində yaşayır: "Əvvəllər ailəli olmuşam, təxminən iki il əvvəl həyat yoldaşımdan ayrılmışam. Valideynlərimə baş çəkmək üçün Şamaxı rayonuna gedən zaman "Şamaxinka adlanan əraziyə getdim. Taksiyə mindim, sürücü ilə söhbətimiz tutdu, nömrəmi verdim. Anar o gündən mütəmadi olaraq zəng edirdi, söhbət edirdik. Görüşlər zamanı Anar mənə subay olduğunu, mənimlə evlənəcəyini deyirdi. Mən də ona inandım.

Zərərçəkən şəxs ifadəsində deyib ki, Anar onunla görüşmək istədiyini və onu restorana aparacağını deyib: "Zəng elədi, restorana gedib yemək yeməyi təklif elədi. Onun təklifi ilə razılaşdım və Masazırdakı "Qəbələ restoranına getdik. Yemək yedik. Ailə quracağımızı dedi, onunla cinsi münasibətdə olduq. Bu hadisədən bir neçə gün keçdikdən sonra Anar zəng eləyib 340 manat borc pul istədi. Heç bir tərəddüd etmədən görüşüb ona bu pulu verdim. Bundan bir neçə gün sonra Anar yenə zəng edərək 500 manat istədi. Maddi imkanım pis olduğundan Anara verməyə pulumun olmadığını dedim. Həmin günün səhəri Anar zəng edərək hədə-qorxu gəlməyə başladı, telefonunda çılpaq şəkillərimin olduğunu dedi. Qorxdum, 600 manat pulu ona verməyəcəyim təqdirdə çılpaq şəkillərimi anama, qardaşıma göstərəcəyini dedi. Həm də həmin şəkilləri internet vasitəsi ilə yayıb məni biabır edəcəyini bildirdi. Şəkillərin nə vaxt çəkildiyini görməmişdim, nə də hiss etmişdim. Qorxumdan, məcburiyyət qarşısında qalaraq qızıl sırğalarımı və boyunbağımı satıb 400 manat pul düzəltdim. Pulu Akademik Milli Dram Teatrının qarşısında Anara verdim. Anar qalan pulu axşama çatdırmadığım təqdirdə şəkilləri yayacağını dedi. Məcburiyyətdən Sabunçuda qalan rəfiqəmdən 200 manat borc aldım. Anarı Sabunçuya çağırıb 200 manatı da verdim. Pulu verəndə Anardan şəkillərini qaytarmasını xahiş etdim, o isə mənə şəkilləri siləcəyini dedi.

Nigar ümumilikdə Anara 2150 manat pul verdiyini deyib: "Hər dəfə pul istəyəndə ordan-burdan borc ala-ala verirdim. Qorxurdum, hər pul verəndə yalvarırdım ki, şəkilləri mənə versin. Bir dəfə içi boş "flashcard verdi. Zəng elədim, dedi səhv salmışam, sonra verərəm. Bir görüşümüzdə də mənə çılpaq qızın şəkilini uzaqdan göstərdi, dedi, sənin şəklindir. Ha yalvarsam da, yaxından göstərmədi, dedi, siləcəm. Nə qədər pul versəm də, yenə əl çəkmirdi. Ona indiyə qədər 2150 manat pul vermişəm. Axırda həm pulum olmadığından, həm də bezdiyimdən "102 xidmətinə zəng edib, Anar barəsində şikayət etdim. Polisə çağırıldım, izahat yazdım. Barəsində araşdırma başlandıqdan sonra Anar öz səhvini başa düşdü, üzr istədi və mənə vurduğu maddi ziyanı tam şəkildə ödədi. Ona görə də Anarı bağışladım və barışdım. Hazırda Anar Məmmədova qarşı hər hansı iddiam, tələbim və şikayətim yoxdur.

Məhkəmədə zərərçəkən şəxs qismində dindirilən Almaz isə deyib ki, Anarla 2013-cü ilin avqust ayında tanış olub və qısa zamanda yaxın münasibət yaradıb: "Biz qeyri-rəsmi ər-arvad kimi yaşamışıq. Bir gün Anar evə tez gəldi, televizora baxırdıq. Yataq otağına keçdi, mən də telefonla qurdalanırdım. Bu vaxt birdən üstümə hücum çəkib, telefonu əlimdən aldı. Mesajları oxudu. Başqası ilə mesajlarımı tutdu. Məni söyməyə başladı, başıma iki-üç yumruq vurdu. Yumruqların zərbəsindən yerə yıxıldım. Oğlumun kəməri ilə məni döydü. Ona əsəbimdən polisə zəng edib döyülməyimlə bağlı şikayət etdim.

Almaz ifadəsində qeyd edib ki, Anarın başqa qadınla görüşməsindən şübhələnib: "Anar yatanda telefonuna baxdım, gördüm mütəmadi olaraq bir nömrə ilə əlaqə saxlayıb. Həmin nömrəyə zəng eləsəm də, zəng çatmadı. Səhər Anardan bu nömrənin kimə aid olduğunu soruşdum, dedi, bibisiqızıdır. Mənə bərk-bərk tapşırdı ki, birdə o nömrəyə yığmayım. İnanmadım, yığdım ki, bir qızdır. Adı Nigardır. O, mənə Anarla münasibətlərinin olduğunu dedi. Ona söyməyə başladım, Anarı narahat etməməyini tapşırdım. Anar evə gəldi, birinci boynuna almasa da, sonradan Nigarla bir neçə dəfə cinsi münasibətdə olduğunu dedi. Nigara yenə yığdım, söyüşlər söydüm. O isə bildirdi ki, Anar onun lüt şəkillərini çəkib, şəkillərini almaq üçün onunla münasibət saxlayır. Anar evə gələndə bu barədə ona sual versəm də, Nigarın yalan dediyini bildirdi. Anara inandım, Nigara mesaj yazdım ki, birdə zəng eləsə, onu məhv edəcəm.

Almaz ifadəsinin sonunda bildirib ki, Anarla barışıb: "Ərim olub, döyüb, sonradan səhvini başa düşüb. Mən hələ də onu sevirəm, heç bir şikayətim yoxdur.

Məhkəmədə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Anar Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.