Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Rəşad Hacıyev və həyat yoldaşı 1992-ci il təvəllüdlü Qızbahar Qəribovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə R.Hacıyev 5 il, Q.Qəribova isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hər iki şəxs ibtidai istintaq zamanı zamində olsalar da, məhkəmə prosesinə qatılmadıqları üçün bu il oktyabrın 20-də keçirilən hazırlıq iclasında onlar barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən ilin aprelin 15-də Qubanın Qırmızı qəsəbəsində Qusar sakinləri Qızbahar Qəribova və Rəşad Hacıyev qəsəbə sakini Asəf Abdullayevə zor tətbiq edərək, 100 manatını və mobil telefonunu alıblar. Q.Qəribova əvvəllər də məhkum olunub.