Bakıda polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən İbayev Ravil Nuruş oğlu barəsində olan hökmdən kassasiya şikayəti verib.

Unikal.org-un "Report"a istinadən məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas dekabrın 6-na təyin edilib.

İşə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2015-ci ilin aprel ayının 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyiti aşkarlanıb. Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalar nəticəsində meyitin İmişli Rayon Polis Şöbəsinin polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən edilib.

Araşdırmalar zamanı o da məlum olub ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb. R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutularaq dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.

O, CM-nin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.2-ci (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İbayev 19 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan məhkum və zərərçəkmiş şəxslər apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, R.İbayevin cəza müddəti 1 il artırılaraq 20 ilə çatdırılıb. Bundan başqa, o, əvvəlki hökmlə cəzasının 5 ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəkdisə, yeni qərarla bu müddət 7 il olub. Məhkum daha sonra kassasia şikayəti verib.