Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birlikdə yaşadığı hamilə qadını qətlə yetirməkdə təqsirləndirilən Altay Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org report-a istinadən məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Həsənov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il avqust ayında Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Qəsəbə sakini 37 yaşlı A.Həsənov qeyri-rəsmi nikah münasibətində yaşadığı 34 yaşlı Yasəmən Novruzovanı mübahisə zəminində öldürüb. Hadisədən iki gün sonra isə A.Həsənov Xəzər Rayon Polis İdarəsini 1-ci Polis Bölməsinə gedərək arvadının itkin düşdüyünü deyib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub. Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb. A.Həsənov isə saxlanılaraq istintaqa təhvil verilib. İlkin dindirmə zamanı o, həyat yoldaşını əmisi oğlu ilə mobil telefonla danışdıqdan sonra döydüyünü deyib. Qətlə yetrilən Y.Novruzova 4 aylıq hamilə imiş.